ƏHD Partiyası İranda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı açıqlama yayıb Siyasət

ƏHD Partiyası İranda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı açıqlama yayıb

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Ali Məclisi İran İslam Respublikasında keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “İslahatçı Azərbaycan türkü Məsud Pezeşkianın İranda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə xalqımızı və bütün tərəqqipərvər insanları təbrik edirik. Məsud Pezeşkianın prezidentliyə namizəd kimi qeydə alınmasını, qələbəsinə maneə yaradılmamasını Ali Dini Liderin müdrik qərarı kimi qiymətləndiririk. Ümid edirik ki, növbəti müdrik qərar İranda genişmiqyaslı islahatların aparılmasına maneə yaradılmaması, Prezidentə ciddi dəstəklə bağlı olacaq.

ƏHD Partiyası ümid edir ki, İranın yeni seçilmiş prezidenti demokratik proseslərə yol açacaq, türk dövlətləri ilə münasibətləri üst səviyəyə qaldıracaq, regionda sülhə, qarşılıqlı faydalı və etimadlı əməkdaşlığın genişlənməsinə, inkişafa töhfə verəcək.