Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi Siyasət

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi

Prezident İlham Əliyevin cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı şəksiz ki, ölkələr arası əməkdaşlıqlarımızın inkişafına yeni bir nailiyyət kimi yazıldı. Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Dövlətimizin başçısı ŞƏT-in 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısına da qatılmışdı. Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir.

Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatının əməkdaşlıq əlaqələrinin əsas istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir: Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı ölkəmizin Avrasiya məkanında mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Zirvə görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Həmçinin dövlətimizin başçısı Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Orta Dəhlizin rəqəmsallaşması üzərində çalışmalar aparılır. Aydındır ki, ŞƏT-ə üzv ölkələrin əksəriyyəti ilə Azərbaycanın nəqliyyat əlaqələri məhz Xəzər dənizi üzərindən keçir. Məhz buna görə də Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rolunu qeyd edərək bildirdi ki, bu layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir.

Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir və sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Prezident İlham Əliyevin çıxışında bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərinə dair mühüm açıqlamalar da yer almışdır. Qeyd olunmuşdur ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə əldə etdiyi qiymətli təcrübədən COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün yararlanmaq niyyətindədir.

Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Məhz Azərbaycanın bu prinsipial və ədalətli mövqeyi ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artmasını şərtləndirən əsas amillərdəndir.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti