Rəsmi Moskva: Ermənistan-ABŞ təlimləri təəssüf doğurur, əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır Siyasət

Rəsmi Moskva: Ermənistan-ABŞ təlimləri təəssüf doğurur, əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır

Qərb Ermənistanı Cənubi Qafqazda müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir, onlar ilk növbədə Rusiyaya qarşı yönəlib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Eagle Partner 2024” Ermənistan-ABŞ təlimləri haqqında danışarkən bildirib.

“Bu təlimlər təəssüfdən başqa heç nə doğurmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı ictimai hücumları fonunda baş verəcək.

Qərblilər hansısa dinc məqsədləri bəyan etsələr də, əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır. Amerikalıların Cənubi Qafqazda peyda olması yalnız regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarovanın sözlərinə görə, amerikalılar təlimlərin himayəsi altında Ermənistana NATO silahlı qüvvələri standartlarını tətbiq edirlər: “Bu, Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır və nəticədə Qərbə Ermənistanın daxili və xarici siyasəti üzərində əlavə təsir rıçaqları verəcək”.

Qeyd edək ki, iyulun 15-dən 24-dək “Eagle Partner 2024” Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək.