Qarşılıqlı dəstək Siyasət

Qarşılıqlı dəstək

Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Bu dostluq dərin tarixi köklərə malikdir və xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayının 11-12-də Pakistanda rəsmi dövlət səfərində olması iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər də bunu deməyə əsas verir. Pakistanın Baş naziri ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Yatırılacaq sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır. Azərbaycan və Pakistan rəhbərləri tərəfindən energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurlu əməkdaşlığın mövcud olduğu müdafiə sənayesində bir sıra layihələr nəzərdən keçirilib. Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, tezliklə müxtəlif sahələr üzrə yeni əməkdaşlıq proqramları işlənib hazırlanacaq və bu, ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək.

Prezident İlham Əliyev mühüm bir faktı vurğuladı ki, Pakistan işğal dövründə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. İstər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Pakistan Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Dövlətimizin başçısı bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini bildirdi. Cənab Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, kobud şəkildə pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məsələnin necə həll olunması aydın şəkildə təsvir edilsə də, əfsuslar olsun ki, bu qətnamələrin icra mexanizmləri mövcud deyil. Ancaq qardaş və dost ölkə kimi Azərbaycan Pakistanla, Cəmmu və Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacaq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacaq.

Prezident İlham Əliyev də çıxışında ikitərəfli münasibətlərdə bir sıra vacib məqamlara toxundu, xüsusilə iqtisadiyyat, ticarət və sərmayələr sahəsində tərəfdaşlığın gücləndiriləcəyini bəyan etdi. Həmçinin beynəlxalq səviyyədə qardaş ölkələrin bir-birini müdafiə edəcəyi, həmrəylik göstərəcəkləri xüsusi olaraq qeyd olundu. Bu, onu göstərir ki, Azərbaycanla Pakistanın əlaqələri mövcud istiqamətlər üzrə bundan sonra da dinamik şəkildə inkişaf etdiriləkdir.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti