“Müqəddaratımızı həll etmək üçün çalışacağıq” Siyasət
Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Bakıda Qurultayı keçirilir
Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci qurultayı keçirilir. “Xalq Cəbhəsi” xəbər verir ki, qurultay iki gün davam edəcək.
Qurultayda çıxış edən Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin sədri Jan Jacob Bisep bildirib ki, Fransa müstəmləkə şəraitində yaşayan xalqlara qarşı cinayətlərin törədildiyi bir dövlətdir. O deyib ki, bu cinayətlərə son qoyulması üçün dünya miqyasında hər kəs səfərbər olmalıdır: "Bakı Təşəbbüs Qrupu müstəmləkə şəraitində yaşayan xalqların azadlığı uğrunda yaranan təşkilatdır. Fransanın Koloniyalarının azadlığı uğrunda birinci konfrans 1986, ikincisi 1995-ci ildə keçirilib. Bizim azadlıq istiqamətində aydın məqsədlərimiz var. Bu konfrans həmçinin bizə imkan verəcək ki, azadlığa daha da yaxın olaq. Fransanın keçmiş koloniyalarının siyasi təşkilatları diqqəti adı çəkilən ölkənin bizə vurduğu ziyana diqqəti çəkməyə çalışır. Fransa koloniyalara qarşı cinayətlərin törədildiyi bir dövlətdir. Bu hərəkat bizi birləşdirir və bizim bir araya gəlməyimizdə böyük əhəmiyyətə malikdir. Beynəlxalq cəmiyyət bizim xalqların, daha doğrusu müstəmləkə şəraitində yaşayan xalqların çəkdiyi əzabları dərk etməlidir. Biz bu çətin yolda həmrəyliyi gücləndirərək, iradəmizi ortaya qoyaraq mübarizəmizi davam etdirəcəyik".
Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forest isə bildirib ki, mövcud qurultay vasitəsilə müzakirələr aparıb problemlərə həll yolu tapmaq mümkündür. O əlavə edib ki, Fransada yoxsulluqla yanaşı, miqrantlarla bağlı, eləcə də daxili siyasətində ciddi problemlər var: “Biz bu problemlərin həllini yalnız qurultay vasitəsilə müzakirələr aparmaqla tapa bilərik. Bakı Təşəbbüs Qrupu bizə belə bir fürsət verib. Bu fürsəti son dərəcə yaxşı və faydalı dəyərləndirməliyik. Əsas siyasi ambisiyalarımız reallaşmalıdır. Yeni dünya düzəninin qurulmasına öz töhfəmizi verib, bu dünyada öz yerimizi tapmalıyıq. Bizim Fransadan tam şəkildə suveren olmaq hüququmuz var".
Yeni Kaledoniya Parlamentinin üzvü İzabelli Kaoli bildirib ki, 2024-cü il mayın 13-dən regionumuzda baş verən hadisələr hər kəsə məlumdur Fransanın irqçi polisinin kanaklara şiddət və qısnama kimi addımlar atması qəbuledilməzdir.
O, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı yeni kanak gənclərinin mübarizəsindən danışıb.
"Bu addımların hədəfində əsasən gənc kanaklardır. Bu, son dövrlərin gərginliyindən yox, illərlə yığılıb qalan hadisələrin təsirindən irəli gəlir. Belə bir vəziyyət Fransanın bizim səsvermə hüququmuzun dondurmasını nəzərdə tutan konstitusiya dəyişikliyindən sonra yaşanmağa başlayıb. Biz buna qətiyyətlə etiraz etdik. Fransa dövləti bizim səsimizə səs vermək istəmədi. Nəticədə Parlamentin hər iki palatası layihəyə dəstək verdi. İnsanların seçiminə toxunmaq, onun hüquqlarını məhdudlaşdırmaq kanak xalqının mövcudluğu əleyhinə yönəlmiş bir addımdır. Yeni Xatırlatmaq istərdim ki, o zaman Fransa Parlamentinin 153 üzvü bu layihəyə qarşı çıxmışdı”, - o deyib.
Yeni Kaledoniyanın parlament üzvü Maria Saliqa isə bildirib ki, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır. Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib.
Maria Saliqa qeyd edib ki, Fransız Polineziyasında bu ölkənin atom, nüvə testlərini xatırlayırıq. Həmin ərazilərdəki xalqlar bundan uzun müddət əziyyət çəkdilər.
“Fransa terrorçu dövlətdir. Azad etmək istəmədiyi ərazilərdə hökmranlığını sürdürür”, - deyə o vurğulayıb.
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında bildirb ki, bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müstəmləkə ərazilərindən olan nümayəndə heyətləri iştirak edə bilər.
"Biz artıq bu məsələ ilə bağlı danışıqlar aparırıq. Fransa müstəmləkə ərazilərinə ciddi ekoloji ziyan vurub", - o bildirib.
A.Abbasovun sözlərinə görə, Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunun müstəqilliyi uğrunda siyasi partiya və hərəkatlar ilə Azərbaycanın əməkdaşlığı həm də ekologiya və təhsil sahələrində də davam edəcək.
O, həmçinin vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu tərəfindən müstəmləkəçiliklə mübarizə aparan ölkələrdən olan gənclərə təqaüd veriləcək.
“Bu ildən təşkilatımız Azərbaycanda təhsil almaq istəyən gənclərə təqaüd verəcək. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, noyabrda ölkəmizdə təşkil olunacaq COP29 çərçivəsində kolonializimin tarixi barədə sərgi keçiriləcək. Eyni zamanda Bakı Təşəbbüs Qrupu bəyan edir ki, Fransa polisi müstəmləkəçilik hərəkatının üzvlərini həbs edərkən onlarla terrorçu kimi davranıb və gizli şəkildə Parisə aparıb. Orada isə onlar müxtəlif işgəncələrə məruz qalıb. Bu şəxslərin arasında qadınlar da var. Bakı Təşəbbüs Qrupu məhbusların ailələrinə və onları müdafiə edən şəxslərə yardım edəcəyini bəyan edir. Bu günkü tədbirimizdə həmin siyasi məhbuslardan bəzilərinin ailələri iştirak edir”, - Abbas Abbasov deyib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
Cavid