Səfirlik: Sosial şəbəkədə Polad Bülbüloğlunun səhhəti ilə bağlı yayılan videomüraciət feykdir Siyasət

Səfirlik: Sosial şəbəkədə Polad Bülbüloğlunun səhhəti ilə bağlı yayılan videomüraciət feykdir

"Facebook" sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından özünü pis hiss etməsi, həkimlərə şikayəti və məcburi müalicə kursu ilə bağlı videomüraciət yayılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyi məlum videomüraciətin yalan olduğu barədə məlumat yayıb.

Bildirilib ki, məlum videomüraciət "deep-fake” texnologiyası ilə hazırlanıb.

"Nəzərinizə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun olmayan və yalan məlumatı əks etdirən saxta məlumatdır. Heç vaxt belə müsahibə olmayıb və bu videoda nümayiş olunanların hamısı nə vaxtsa "CBC Azərbaycan" telekanalına verilən müsahibə əsasında əvvəldən sona kimi uydurulub. Saxta videodan aydın görünür ki, P.Bülbüloğlunun ekrandakı çıxışı görüntü ilə üst-üstə düşmür. Bu saxtakarlığı görən hər kəsi orada yayılan təxribatlara inanmamağa çağırırıq", deyə səfirlildən bildirilib.

Qeyd olunub ki, nümayiş olunan feyk və yalan videomüraciətlə bağlı səfirlik tərəfindən müvafiq tədbirlər görüləcək.