MSK və Dövlət Komitəsi Milli Məclisə seçkilərdə qadınların fəallığına dair müzakirə təşkil edib Siyasət

MSK və Dövlət Komitəsi Milli Məclisə seçkilərdə qadınların fəallığına dair müzakirə təşkil edib

Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan layihə reallaşdırılıb.

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.
APA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihə cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.
Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması və fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Dəyirmi masa qadınların seçkilərdə iştirakı ilə bağlı müxtəlif mövzular ətrafında geniş müzakirələrdən və meydana çıxan suallar cavablandırıldıqdan sonra öz işini yekunlaşdırıb.