Bu gün Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir Siyasət
Mehdi Balabəyov: “Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda dayanan əsas vəzifələrdən idi”
Şuşa şəhəri mədəniyyət paytaxtımız olmaqla yanaşı, beynəlxalq diplomatiya və media forumlarına, mötəbər Zirvə toplantılarına ev sahibliyi edən bir məkana çevrilir. İyulun 20-də baş tutan “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi də postmüharibə dönəmində Şuşanın yeni imicinin uğurlu göstəricisi sayıla bilər. Birinci Şuşa Qlobal Media Forumu kimi 2-ci Şuşa Qlobal Media Forumu da həm təşkilatçılıq baxımından, həm də kontingent etibarilə həqiqətən də qloballıq meyarlarına tam cavab verir.
50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun təmsilçilərinin qatıldığı bu Forum təkcə iştirakçıların sayı və coğrafiyası baxımından deyil, həmçinin mövzunun aktuallığı etibarilə də olduqca əhəmiyyətlidir.
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov “Xalq Cəbhəsi”nə deyib ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev möhkəm təməl üzərində Azərbaycanı daha yüksək zirvələrə aparır. Ölkəmizin dünyaya təqdim etdiyi inkişaf modeli düşünülmüş və məqsədyönlü siyasətimizin nəticəsidir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir.
Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur. İnternet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Azərbaycanda media üçün yaradılan şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Təbii ki, qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır. Dövlətimiz medianın inkişafına böyük diqqət göstərir. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşakarlığının artırılması bütün dövrlərdə aktuallığını qoruyur.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi imkanları artdıqca, kütləvi informasiya vasitələrinə göstərilən diqqət də artır. Bu gün Azərbaycan dövlətinin, xalqının mətbuatdan əsas gözləntiləri informasiya təhlükəsizliyinin, dövlət maraqlarının qorunması, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. Dövlətimizin başcısı İlham Əliyevin rəhbərliyi ilə mətbuatımız daha da saflaşır, təkmilləşir, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyir: “Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açmaqla yanaşı, mətbuatımızın da qarşısında bir sıra həllivacib məsələlər qoydu. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Bu Fərmana əsasən yaradılan Medianın İnkişafı Agentliyinin ötən müddətdə həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq qəbul edilən “Media haqqında” yeni Qanun azad mətbuatın inkişafına geniş imkanlar yaradır. Bundan əlavə, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanının yaradılması, Media Reyestrinin qaydalarının təsdiqi və sair kimi biri-birindən əhəmiyyətli addımlar dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın media mühitinə gətirdiyi yeni yanaşmaların təqdimatıdır. Bu kimi qərarlar bir daha təsdiqləyir ki, azad, müstəqil mətbuatın inkişafı demokratiyanın vacib amillərindən biri kimi dövlətin siyasətində mühüm yer tutur.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır”.
M.Balabəyov onu da qeyd edib ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyev 3 saat davam edən müzakirələrdə Forum iştirakçılarına hazırkı dövrün əsas çağırışlarından geniş bəhs edərək yenə də diqqəti ədalətin və beynəlxalq hüququn bərpasına və bu sahədə Azərbaycan mediasının roluna yönəltdi.
Beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası, bütün bunlar fundamental hüquqlardır və biz bu hüququ döyüş meydanında qazandıq, qan tökərək, şəhidlər verərək. Üzləşdiyimiz problem dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq deyil, ümumi insani prizmadan çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Cənab İlham Əliyev çıxışlarında bu çağırışı edir ki, daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq: “30 illik işğal dövründə də cənab İlham Əliyev Qarabağ məsələsinin gündəlik işimiz olmasına çağırış edirdi. Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda dayanan əsas vəzifələrdən idi. Bu gün də informasiya mübarizəsinin davam etdirilməsi, bu istiqamətdə səylərin artırılması əsas prioritetdir. Azərbaycanın tarixi Zəfərini həzm etməyənlər ölkəmizə qarşı əsassız təbliğatlarını davam etdirirlər. Reallıq budur ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsində xalqımızın yenilməzliyinin, məğrurluğunun, torpaqlarına sahib çıxan xalq olduğunun şahidi oldu.
Cənab İlham Əliyev Forumdakı çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi: “Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur.”
Həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün bütün imkanlardan istifadə edildi. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə daha inandırıcı və uzunömürlü olur. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha tarixə müraciət edərək indiki Ermənistanın əslində Azərbaycanın tarixi torpağı olduğunu bildirdi”.
Ölkə Prezidenti bu tarixi həqiqətləri tədbir iştirakçılarına çatdırdı ki, ermənilərin kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. Bu faktlar da hər kəsə məlumdur ki, 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara - Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya. Onlar iddia edirdilər ki, Şuşa erməni şəhəridir. Birincisi, Şuşa şəhərinin tarixi o qədər də uzaq illərə getmir. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır. Yaradılandan işğala qədər Şuşada yaşayanların mütləq əksəriyyəti azərbaycanlılar olub.
Bu gün isə yenə də öz həqiqətlərimizi sübut etməyə çalışırıq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir: “Forumda iştirak edən xarici media nümayəndələri də yaradılan şəraitdən məmnunluqlarını ifadə etdilər. Bildirdilər ki, burada yerli və xarici media orqanları öz fikirlərini və məlumatlarını bölüşürlər, müzakirələr aparırlar. Bu, Azərbaycan üçün önəmli bir addımdır”.
Cavid