Aİ Ermənistanı silahlandırır Siyasət

Aİ Ermənistanı silahlandırır

Ermənistana göstərilən hər yardım regionun stabilliyinə təhlükə hesab olunmalıdır

Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bu barədə Avropa ittifaqı Şurası məlumat yayıb.
Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) qeyd edib ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərinin getdikcə daha vacib elementidir: “Avropa Sülh Fondunun bu paketi ölkənin dayanıqlığına daha da töhfə verəcək. Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirmək, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var”.
Bu yardıma həqiqətən də ehtiyac var idi? Bu hərbi yardımın arxa planında Azərbaycana qarşı planlar durur?
Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, Ermənistana göstərilən hər yardım regionun stabilliyinə təhlükə hesab olunmalıdır. Aİ Şurasının Ermənistana hərbi məqsədlər üçün 10 milyon avro yardım ayırmasına da bu kontekstdən yanaşmaq lazımdır. Ermənistan adekvat ölkə olmadığı üçün ona verilən hər maddi yardımın təyinatı üzrə istifadə edilməsi mübahisə predmetidir. Amma bunda tək Ermənistanın günahı yox, eyni zamanda, ona bu dəstəyi verənlərin də rolu böyükdür. Təbii ki, Ermənistana göstərilən dəstək Azərbaycanın imkanları müqabilində yox səviyyəsindədir. Ermənistan olunan yardımı regionda gərginliyin artırılması istiqamətində sərf etmək kimi qəbul edir. Amma Aİ Şurası da Ermənistanı buna təhrik edir. Aİ, təbii, özü də başa düşür ki, 10 milyon avro ilə Azərbaycana qarşı fəaliyyətdə olmaq mümkün deyil. Elə məqsəd də odur ki, sadəcə regionda gərginlik yaratsınlar. Bu gərginlikdən də istifadə edib öz maraqlarını həyata keçirsinlər: “Azərbaycan bu kimi hallara qarşı öz etirazını hər zaman bildirib. Ermənistan regionda təhlükəsizliyə, xüsusən də, Azərbaycanın təhlükəsizliyinə təhlükə olan ölkə olub, indi də belədir. Odur ki, Azərbaycan hər belə halı öz təhlükəsizliyi üçün ciddi hal kimi qəbul edir və bunun ciddi nəticələri olacağının xəbərdarlığını edir.
Aİ Parlamenti və onun Şurası Azərbaycanın bu qurumlarda fəaliyyətini dayandırdıqdan sonra Ermənistan üzərindən Azərbaycana təzyiq kampaniyası aparmaq cəhdləri bu faktda özünü açıq şəkildə göstərir. Ermənistanın hərbiləşməsinə yenidən maddi dəstək olmaq çox təhlükəli tendensiyanı ortaya qoyur. Məsələ ondadır ki, Rusiyanı işğalda və aqressiyada ittiham edən Avropa İttifaqının bütün qurumları özü işğalçı və aqressor Ermənistanı bu kimi əməllərə təhrik edir. Bu, heç bir normal məntiqə sığmayan fəaliyyət Azərbaycanın əks reaksiyasını labüd edir. Regiona daxil olan, xüsusən də, Ermənistana daxil olan hər bir silah regionun gələcəyi üçün təhlükə mənbəyi hesab olunur. Bunu müxtəlif yalançı adlar altında ört-bastır etmək cəhdləri isə ikiüzlülüyün son həddidir bu halda olduğu kimi. "Avropa sülh fondu" çərçivəsində Ermənistana hərbi məqsədlər üçün 10 milyon avro ayıran Aİ Şurasının bu addımı əsl rəzillik simvoludur. Hərbiyə maliyyə ayırmağa sülh məqsədi adı qoymaq üçün də gərək insanlarda üz olsun. Bu, həyasızlığın və əxlaqsızlığın son həddidir. Qoca qitənin adı əbəs yerə ən axırıncı qədim peşə sahiblərinin adı ilə bərabər hallanmır”.
Onun sözlərinə görə, məsələ ondadır ki, öz təhlükəsizliklərini NATO çətiri adı altında ABŞ-a həvalə edən, daha doğrusu ABŞ-ın boynuna atan "Qoca qitə" Ermənistana hərbi yardım edir. Rusiyanın adı gələndə tirtir əsən Avropa öz gününə ağlamaqdan Ermənistanın gününə ağlayır. Tramp hakimiyyətə gələcək deyə kürklərinə birə düşən Avropa qorxu içərisindədir ki, Tramp hakimiyyətə gələn kimi Avropanı Rusiya ilə baş-başa qoyacaq. NATO-nun maliyyələşməsini əhəmiyyətli dərəcədə azaldacaq və keçən hakimiyyəti dövründə olduğu kimi Avropanın öz təhlükəsizliyə özü pul ayırmalı olduğunu deyəcək. Bu, heç də o demək deyildir ki, Avropanın bunun üçün maddi imkanları yoxdur. Əksinə maddi imkanları bəs qədərdir. Sadəcə Aİ o qədər sırtıq və həyasız qurumdur ki, öz təhlükəsizliyi üçün pul xərcləmək istəmir. Bunu başqalarının üstünə atmaqla yaşayır. Tramp hakimiyyətə gələndə Aİ-nın qara günləri başlayacaq. Onda görəcəyik ki, Aİ-nın Ermənistana vəd etdiyi 10 milyon avronu verməyə imkanı olacaq, ya yox.
Aİ Şurasının Ermənistana bu yardımı Ermənistan üzərində nəzarəti saxlamaq məqsədi daşıyır. Ermənistan nə qədər Aİ-dan maliyyə alarsa, bir o qədər ondan asılı vəziyyətə düşür. Əslində heç də hesab edilməməlidir ki, edilən bu yardımlar üçün qərarlar bir anın içərisində qəbul edilir. Bunun üçün uzun müddət danışıqlar aparılır. Ermənistan qarşısında müxtəlif şərtlər və öhdəliklər qoyulur. Ermənistan bunları qəbul etdikdən sonra yardım verilir. Ermənistan isə getdikcə daha çox kənardan asılı vəziyyətə düşür, ağalarının sayını artırır. Ermənistan onsuz da ağasız yaşaya bilməz. Onlar buna vərdiş ediblər: “Ermənistanın hərbiləşməsini təşviq etmək günün birində mütləq hərbi münaqişə ilə nəticələnəcək. Aİ-nın Cənubi Qafqazın sabitliyini pozmaq cəhdi kimi dəyərləndirilən bu kimi fəaliyyətləri həm Aİ, həm də Ermənistan üçün ağır nəticələr verəcək. Gələcəkdə Ermənistanın başına gələcəklərdən Aİ cavabdeh olacaq. Azərbaycan dəfələrlə öz xəbərdarlığını edib ki, Ermənistanın silahlanmasını Azərbaycan təhlükəli həddə çatdığını hesab edəcəksə, bu, yerindəcə məhv ediləcək. Bundan sonra Ermənistan adlı dövlət mövcud olmayacaq. Aİ və Ermənistan bu xəbərdarlıqlara ciddi yanaşmalıdır. Azərbaycan sözünü boşuna demir. Sonra gec olanda geriyə yol olmayacaq. Amma Aİ-nın hiyləgər toruna düşən Ermənistan yaxşı bilməlidir ki, müftə pendir ancaq siçan tələsində olur. Müftə pulları alıb xərcləmək asandır. Amma yaxşı başa düşməlidir ki, Aİ niyə bu pulları məhz hərbi yardım adı altında verir. AI yaxşı bilir ki, bu, Azərbaycanı qıcıqlandır. Azərbaycan gec-tez buna cavab verəcək. Onda olan da Ermənistana olacaq. Regionda yaranan sülh mühiti də heçə enəcək. Ermənistanda vəziyyət daha da gərginləşəcək. Öz təhlükəsizliyini qoruya bilməyən Aİ gəlib Ermənistanın yerinə Azərbaycanla qarşı-qarşıya durmayacaq. İtirən Ermənistan olacaq. Bu da Ermənistanın boşalmasına səbəb olacaq. Ermənistan öz üzərində məğlubiyyətin acı təcrübəsini sınaq etmiş bir ölkə kimi bu silahlanmadan ruhlanıb kənardan təhriklərlə revanş fikrinə düşəcəksə, çünki Aİ-nın, xüsusən də, Fransanın məqsədi bundan ibarətdir, o zaman son peşmançılıq fayda verməyəcək.
Politoloq Elşən Manafov isə bildirib ki, Avropa İttifaqı Şurasının qərari ilə Sülh Fondundan Ermənistana ayrilmiş 10 milyon dollar Aİ-nın Cənubi Qafqazla bağlı geosiyasi maraqlarından irəli gəlir. Bu maraqların realizə edilməsində Ermənistandakı Paşinyan rejimi “ötürücü qayiş” rolunda çıxış edir.
Ekspert qeyd edib ki, Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistan məhz Aİ-nın təklif etdiyi yöndə əlaqələr qurur: “Cənubi Qafqazda geosiyasi konfiqurasiyanin dəyişdirilməsi Avropa İttifaqi tərəfindən bir vəzifə olaraq qarşıya qoyulub. Hazirda, bu problem Qərb üçün dərinləşməkdədir. Belə ki, Cənubi Qafqazda Ermənistan istisna olmaqla digər region dövlətləri Avropa ilə münasibətləri məhz Qərbin tövsiyə etdiyi müstəvi üzərində qurmaq fikrindən uzaqdirlar. Rəsmi Bakının ardınca Gürcüstan höküməti də Aİ ilə münasibətləri birtərəfli şəkildə inkişaf etdirmək istəmir, regional və milli maraqların da nəzərə alınmasını məqbul bilir.”
Ekspert hesab edir ki, ABŞ-da Tramp prezident seçilərsə Vaşinqtonun postsovet məkanına təsiri artacaq: “Qərbin Ukrayna böhranı vasitəsilə Rusiyanın postsovet məkanına təsir imkanlarını zəiflətmək və burada Qərbin maraqlarına cavab verə biləcək tendensiyaların davamlı olmasını təmin etmək planlarının puça çıxması istər Qərb, istərsə də rəsmi Kiyev tərəfindən dolayısı yolla etiraf olunub. Zelenski bu ilin sonuna qədər müharibənin gərgin mərhələsinin başa çatacağını, Rusiyanın isə hazırda nəzarət etdiyi torpaqlardan geri çəkiləcəyinin qeyri-mümkünlüyünə dair fikirlər səsləndirir. ABŞ-da Trampın prezident seçilməsi ilə Vaşinqtonun postsovet məkanına münasibətdə Rusiya ilə koordinasiya edilmiş siyasət yeridəcəyi də bəllidir. Bu isə, bəlli planların seçkilərə qədər realizə edilməsi üçün məlum qüvvələri tələsməyə vadar edir.”
"Fransa və onun kimi bəzi Avropa qüvvələri Azərbaycanla Ermənistan arasında danışıqlardan Cənubi Qafqaz və ən əsası, Zəngəzur dəhlizindəki maraqları üçün istifadə edirlər"
“Avropada Makron və onun sayağı siyasətçilər bəlli müddət ərzində vəziyyəti kardinal (köklü) şəkildə dəyişmək üçün səylərini maksimum dərəcədə gücləndiriblər. Onlar bəlli müddət ərzində Azərbaycanı Ermənistanla Qərb platforması çərçivəsində danışıqlara sövq etmək, sülh müqaviləsinin mətninə Avropanı razı salacaq şərtlərin daxil edilməsinə nail olmaq bəlli qüvvələrin planlarına daxildir.
Ermənistana bu cür reveranslar etməklə Avropada məlum dairələr onu Azərbaycanla sülh danışıqlarından çəkindirmək və ya danışıqlarda Qərbi təmin edəcək şərtlərin rəsmi Bakı tərəfindən qəbul olunmasına nail olmaq istəyirlər. Zəngəzur dəhlizi ilə bağlı məsələlər geopolitik, tranzit və loqistik imkanlar baxımından Qərb üçün xüsüsi əhəmiyyət kəsb edir. Hazirda qlobal güclər arasında dəhlizlərlə bağlı fərqli yanaşmalar region dövlətlərinin də bəlli qlobal layihələrə cəlb olunmasını zəruri etdiyindən Cənubi Qafqaz da bu qarşıdurmaların mərkəzində yer almış bölgələrdən biridir.”

Cavid