Ermənistan müstəqilliyini belə itirir: güc nazirləri ABŞ-ın nəzarətində Siyasət

Ermənistan müstəqilliyini belə itirir: güc nazirləri ABŞ-ın nəzarətində

Güc strukturlarını Rusiyanın təsir dairəsindən “təmizləmək qərarı” İrəvanı yeni boyunduruğa sürükləyir

Pentaqonun Ermənistan Müdafiə Nazirliyindəki nümayəndəsi təyinatı ətrafında müəmmalar çözülməkdədir. Bir neçə gün əvvəl İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Uzra Zeya bu məlumatı təsdiqləsə də, əlavə təfərrüatlar üçün Amerika səfirliyi ilə əlaqə saxlamağı məsləhət görüb.

Eyni zamanda Zeya vurğulayıb ki, Ermənistan-Amerika münasibətlərində strateji tərəfdaşlığın prinsipcə yeni mərhələsi başlayır. Erməni jurnalistlərin sorğusuna cavab olaraq ABŞ səfirliyi bildirib ki, söhbət Pentaqon tərəfindən deyil, Dövlət Departamenti tərəfindən maliyyələşdirilən qlobal müdafiə islahatları proqramının məsləhətçisindən gedir. ABŞ səfirliyinin nümayəndəsinin sözlərinə görə, bu şəxs mülki məsləhətçi kimi Ermənistanın müdafiə institutlarının gücləndirilməsinə dəstək verəcək.

“ABŞ Dövlət Departamentinin Qlobal Müdafiə İslahatı Proqramı strateji səviyyəli məsləhət dəstəyi göstərməklə, dünya üzrə tərəfdaş ölkələrə daha davamlı, effektiv və hesabatlı təhlükəsizlik institutlarının qurulmasında dəstək verir”, - ABŞ-ın İrəvandakı səfirliyi bildirib.

Həmçinin qeyd edilib ki, adı hələlik açıqlanmayan məsləhətçi Ermənistanda çalışacaq və “ABŞ səfirliyi və Ermənistan Müdafiə Nazirliyi ilə daimi işgüzar əlaqələri” davam etdirəcək. “Birləşmiş Ştatlar məsləhət dəstəyi vasitəsilə Ermənistana təhlükəsizlik idarəçiliyini təkmilləşdirməyə kömək etmək niyyətindədir ki, bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə kömək edəcək”, - səfirlik jurnalistlərin sorğusuna yazılı cavabda bildirib.

Erməni hərbi ekspert Leonid Nersisyan hesab edir ki, ABŞ nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyinə müşavir statusunda gəlməsi ikitərəfli əməkdaşlığın yeni formatıdır və onun fikrincə, bu, son nəticədə Ermənistana Amerika silahlarının satışına gətirib çıxara bilər. Nersisyan təsdiqləyib ki, ABŞ-dan hücum silahlarını əldə etmək “uzun və mürəkkəb prosesdir, lakin dinamik inkişaf var”. Erməni mediası bu məsələdə iki yerə bölünüb. Bəziləri yazır ki, təkcə Müdafiə Nazirliyi deyil, həm də Daxili İşlər Nazirliyi ABŞ-ın nəzarətinə keçib. Bəzi media orqanları isə Amerika ordusunun nümayəndəsinin Müdafiə Nazirliyində olması faktını Ermənistanın Qərb təhlükəsizlik sisteminə inteqrasiyası kimi qələmə verməyi hökumətin blefi hesab edir. Ermənistan-Amerika hərbi təlimləri Rusiya ilə Qərb arasında qlobal qarşıdurmanın yalnız bir zərrəsidir. ABŞ KTMT-dən çıxmaq və Ermənistan-Rusiya strateji əməkdaşlığını zəiflətmək müqabilində İrəvana heç nə təklif etmir" yazanların sayı da çoxdur. Ermənistan “irəli addımlarla” Ukrayna variantına doğru gedir, yoxsa hələ İrəvanı daxildən möhkəmlətlətmə prosesi gedir?

Deputat Sona Əliyeva:

Sona Əliyeva

Siyasi təhlilçi, sabiq deputat Sona Əliyeva hesab edir ki, İrəvandakı hakimiyyət bütün güc strukturlarını Rusiyanın təsir dairəsindən tamamilə təmizləmək qərarı verib: “Ermənistan mediasının yazdıqlarına inansaq, hazırda işğalçı ölkənin Müdafiə və Təhlükəsizlik nazirlikləri ilə yanaşı, Daxili İşlər Nazirliyi də ABŞ-ın nəzarətinə verilir. Bu o deməkdir ki, İrəvandakı hakimiyyət bütün güc strukturlarını Rusiyanın təsir dairəsindən tamamilə təmizləmək qərarı verib. Yəni bu başlanğıcdır. Güc strukturlarındakı "rus yaraları" təmizləndikdən sonra İrəvan ABŞ-ın dəstəyi ilə digər qurumlara da əl gəzdirəcək. Bir sözlə, Ermənistanda Rusiya izi sakit və səssiz yolla təmizlənəcək. Başqa variant olduqca təhlükəlidir. ABŞ nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyinə müşavir statusunda gəlməsi İrəvanın Qərbin qucağına oturma strategiyasının işğalçı ölkə üçün alternativsiz olmasından qaynaqlanır. Bu addımla Paşinyan hakimiyyəti ordudakı rus qalıqlarını silib atacaq. Milli Təhlükəsizlik İdarəsindəki rus agentlərini də neytrallaşdırmağa çalışacaq. Bununla da Ermənistanda uzunmüddətli idarəçilik islahatlarının təməli qoyulur. Növbəti illərdə Fransadan da nümayəndələr müşavir postunda təmsil oluna bilər. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, İrəvan hakimiyyəti bu yolla ordunu NATO sisteminə uyğunlaşdırmaq istəyəcək. Bunun davamı olaraq Paşinyan hökuməti NATO-dan, ABŞ-dan yeni silahlar almağı və arsenalını modern silahlarla zənginləşdirməyi düşünür. Nikol Vovayeviç bununla ölkəsinin müdafiə qüdrətini artırmaq niyyətindədir. Sözsüz ki, Qərbin bu həmlələri qarşısında Kreml səssiz dayanmayacaq. Rusiya da ABŞ-ın “səssiz həmlələri”nə qarşı adekvat cavablar verəcək. Bu isə Ermənistanda yeni iğtişaşlara, dövlət və hakimiyyət böhranına gətirib çıxaracaq. Çünki Rusiya dəfələrlə bəyan edib ki, strateji təhlükəsizlik məsələlərində Moskva zarafatı sevmir. ABŞ öz nümayəndəsini müşavir göndərməklə həm də Hindistan və İran amilini neytrallaşdırmaq niyyətindədir. Birləşmiş Ştatlar Ermənistanda möhkəmlənməklə İranın blokadasını daha da dərinləşdirmək istəyir. Eyni zamanda silah satışı adı altında Hindistanın Cənubi Qafqaza ayaq açmasına, burada möhkəmlənməsinə öz kəskin reaksiyasını ortaya qoyur. Bir sözlə, İran və Hindistana zərbə yenə də başını sığalladıqları “kiçik bacıları” Ermənistan tərəfindən gəlir. Düşünürəm ki, yaxın həftələrdə Ermənistan üçüncü ölkələrin əli ilə yenidən qan çanağına dönə bilər".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Ermənistan ətrafında yaşananları Rusiyanın bağışlamayacağını düşünür: “Ermənistan Müdafiə Nazirliyinə Pentaqonun nümayəndəsini təyin etməsi həm Rusiyaya, həm də Azərbaycana təzyiqdir. Bununla demək istəyirlər ki, Amerika Ermənistanı pulsuz silahlandıra bilər. Zeya təsadüfən demir ki, Amerika-Ermənistan münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi başlayır. Amerika Ermənistanda güc strukturlarına öz adamlarını təyin etməklə, 30 il ərzində Köçəryan- Sərkisyan cütlüyünün oturuşmuş generalları və hərbi kontingentini zərərsizləşdirmək istəyir. Bəzən generallar Paşinyanın əmrlərinə tabe olmurlar. Əlbəttə, Ermənistanda baş verənlər Rusiyanın çox böyük qəzəbinə səbəb olacaq. Rusiya ilə Qərb arasında mövcud qarşıdurma pik həddə çatıb. ABŞ bütün cəhdlə çalışır ki, Ermənistan KTMT-dən çıxsın. Bununla bağlı dəfələrlə Paşinyan və digər rəsmi şəxslər bəyanatlar verib. Razıyam ki, ABŞ Rusiya üçün Ukrayna kimi Ermənistanı da qurban versin. Ancaq Ermənistan Ukrayna deyil. Rusiyanın Ermənistanda minlərlə əsgəri var. Ən kritik məqamda Putin öz əsgərinə əmr verə bilər. Amerika Ermənistanı düşünürsə, ilk növbədə Azərbaycanla sülh sazişinin əldə olunmasına nail olmalıdır. Alternativ yol erməniləri fəlakətə aparacaq”.