“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir” Siyasət

“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”

Qüdrət Həsənquliyev: “Ermənistanla sərhədlərin və kommunikasiya xətlərinin açılmasını Azərbaycanla sülh sazişinin bağlanması ilə şərtləndirməlidir”

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi

- Qüdrət bəy, sabah Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqların növbəti raundunun keçiriləcəyi barədə məlumat yayılıb. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair həmin görüşdə razılaşma əldə oluna bilərmi?

- Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasından sonra bağlayıb. Birinci Qarabağ savaşında Türkiyədən gözləntilərimiz daha çox idi, amma həmin dövrdə Türkiyə liderləri Qərbdən tam asılı olduqlarından bundan artığını edə bilmədilər, hətta dinc insanları Kəlbəcərdən evakuasiya etmək üçün iki mülki helikopter belə verə bilmədilər. Gücləri yalnız sərhədləri bağlamağa çatdı. 44 günlük Vətən müharibəsində isə daha müstəqil və daha güclü qardaş Türkiyə bizə müasir PUA-lar, silah-sursat satdı, üçüncü ölkələrin münaqişəyə qatılmasının qarşısını aldl, bizə siyasi və mənəvi dəstək oldu. Biz bunu yüksək qiymətləndiririrk.

Ermənistanın və onun Qərbdəki pozucu tərəfdarlarının günahı ucbatından Ermənistanla sülh sazişi imzalaya bilmirik. 4 kəndimiz, müəyyən sərhəd ərazilərimiz hələ də işğal altındadır. Ermənistan Naxçıvana maneəsiz gediş-gəlişi öz beynəlxalq öhdəliyinə zidd olaraq təmin etmir. Belə bir vəziyyətdə Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməli, Ermənistanla sərhədlərin və kommunikasiya xətlərinin açılmasını Azərbaycanla sülh sazişinin bağlanması ilə şərtləndirməlidir. Ümid edirəm belə də olacaq.