İran İsrailin hazırladığı tələyə asanlıqla düşməyəcək- ÖZƏL Siyasət
"Uzun müddətdir ki, Netanyahu bölgədə savaş coğrafiyasının genişləndirilməsinə çalışır və bu istiqamətdə müxtəlif addımlar atılır. Məqsəd Livan, eyni zamanda Suriya ərazisində savaş coğrafiyasının yayılması, bölgənin xaosa sürüklənməsidir. Təbii ki, İsrailin təkbaşına bu miqyasda müharibə aparmaq gücü yoxdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:
"Netanyahu bilir ki, bu addımı atacağı halda Amerika Birləşmiş Ştatları prosesə qoşulmağa məcbur olacaq və Netanyahunun məqsədi də budur. Bu addım eyni zamanda Netanyahunun siyasi karyerasının uzadılmasına hesablanıb."
Siyasi şərhçi müharibələrin dayanacağı təqdirdə, Netanyahunun ilk növbədə İsrailin daxilində kifayət qədər problemlərlə üzləşəcəyi fikrindədir:
"Bu səbəbdən İsrailin təhdid altında olması Netanyahunun maraqlarına tam cavab verir. Digər tərəfdən müharibənin davam etdirilməsi ilə demokratların hakimiyyətə gəlmək şansı azalır. Səs potensialı Donald Trampın xeyrinə daha da dəyişir. Netanyahu da hesab edir ki, Tramp hakimiyyətə gələrsə, onun siyasi ömrü uzana bilər və o, mühakimələrdən, onu gözləyən məhkəmə proseslərindən yayına bilər. Yəni, İsrail dövlətinin Qəzzada bataqlığa sürüklənməsi Netanyahunun yanlış addımının nəticəsi olaraq önə çıxıb və bu prosesin indiki halda dayandırılması Netanyahu üçün ciddi problemlər yaradacaq. Netenyahu eyni zamanda İsrailin dini-ideoloji xəttə əsaslanan xarici siyasi strategiyasını davam etdirmək üçün Livanda, eyni zamanda Suriyada hərbi əməliyyatları genişləndirməyə çalışacaq".
Ə.Zülfüqaroğlu hətta bir müddət öncə Suriyada İran konsulluğunun vurulmasının da buna xidmət etdiyini qeyd edir:
"İndi isə Haniyənin məhz Tehranda öldürülməsi buna xidmət edir, çünki o, digər ölkələrdə də öldürülə bilərdi. İsrailin asanlıqla onu hədəfə çevirə bilərdi, amma bu, məhz Tehranda oldu. Məqsəd İranı bölgədə müharibəyə cəlb etmək və beləliklə də İranın İsrailə təhdid yaratdığını dünya ictimaiyyətinə təqdim etməkdir. Çünki İranın dünyada imici mənfidir və dünya ictimaiyyəti Qəzzadakı qətliama görə İsrailə qarşı yönəldisə, İran prosesə qoşulacağı halda dünya ictimaiyyətinin münasibəti İsrailə qarşı yenidən müsbət istiqamətdə dəyişə bilər. Amma əsas məqam savaş coğrafiyasının genişləndirilməsi, Yaxın Şərqin qan çanağına dönməsi, Amerika Birləşmiş Ştatlarının prosesə müdaxilə etməyə məcbur qalmasına hesablanıb. Bu isə təbii ki, İsrailin genişlənmə siyasətinə xidmət edir. Suriyada işğalçılıq niyyətlərinin həyata keçirilməsi, Livanın və Suriyanın müəyyən ərazilərinin ələ keçirilməsinə hesablanıb. Bu isə təbii ki, Üçündü Dünya müharibəsi riskini artırır. Bu addımlar bölgədə Rusiyanın, eyni zamanda qardaş Türkiyənin, İranın maraqlarına qarşıdır. Çünki Rusiya Türkiyə ilə bərabər Suriyada birlikdə hərəkət etməyə başlayıb və birlikdə siyasət yürüdülür. Xüsusilə Türkuiyə Əsədlə danışıqlara gedib. Çünki Suriyanın ərazi bütövlüyü ilk növbədə Türkiyənin maraqlarına xidmət edir və bu istiqamətdə addım atılacaqsa, o zaman Amerika Birləşmiş Ştatları və müttəfiqi İsrailin Türkiyəyə qarşı birgə formalaşdırdığı təhdidlərin üzərindən xətt çəkiləcək. Ona görə də Türkiyə ilk növbədə baş verəcək proseslərdən ciddi şəkildə narahatlıqlarını ifadə edir. İran da yaxşı başa düşür ki, İsrailin məqsədi onu Yaxın Şərqdə müharibəyə cəlb etmək və beləliklə də İranın daxilində olmaqla yanaşı, bölgədə ciddi qarşıdurmaların, təhdidlərin formalaşmasına çalışır. Ona görə də İranın İsrailin bu niyyətindən xəbərdar olmaması qeyri-mümkündür və İranın İsrailin istədiyi kimi addım atacağını düşünmürəm. İran yenidən səbrli davranacaq və yalnız proksi qüvvələr vasitəsilə İsrailə cavab vermə ehtimalı var. İran Amerika Birləşmiş Ştatlarının hazırki hökuməti ilə xüsusilə Yaxın Şərqdə siyasətini koordinasiya edir və bu heç kəsə sirr deyil. Məqsəd Trampın hakimiyyətə gəlməsini əngəlləməkdir. İran da bilir ki, Tramp hakimiyyətə gələcəyi halda İranla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər daha da kəskin məcraya qədəm qoyacaq. Ona görə də Yaxın Şərqdə müharibənin baş verməsi demokratların hakimiyyətdən getməsini sürətləndirəcək və bu, İranın maraqlarına qətiyyən cavab vermir. Ona görə də bütün bu kontekstdən məsələyə yanaşsaq, İsrailin təhriklərinə İranın cavab verəcəyi, İsrailin hazırladığı tələyə İranın asanlığına düşəcəyi ehtimalı azdır. Amma eyni zamanda təbii ki, İsrailin Suriya ərazisində, ilk növbədə Livan ərazisində hərbi toqquşmalara rəvac vermə cəhdlərini biz müşahidə edirik və bu bölgə yeni müharibəyə hamilədir. Bu baş verəcəyi halda, nəinki bölgə üçün, ümumiyyətlə dünya üçün çox ciddi və qanlı bir mərhələnin artıq praktiki olaraq başlanma mənzərəsini müşahidə edə bilərik".