Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu... Siyasət

Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

Əli Zülfüqaroğlu: “Artıq müxalifətin ciddi təzyiqləri var və Makron hökumətinin bu təzyiqlərə uzun müddət davam gətirməsi üçün immuniteti yoxdur”

Fransanı gələn il yeni növbədənkənar parlament seçkiləri gözləyir. Bu fikri sağçı “Milli birlik” partiyasının Fransa Milli Assambleyasındakı fraksiyasının lideri Marin Le Pen İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

“Aydındır ki, vəziyyət belə davam edə bilməz. Bu, Makrondan başqa hamıya aydındır. Aydın görünür ki, bir il sonra bizi qanunverici orqana yeni növbədənkənar seçkilər gözləyir. Əvvəl-axır Fransaya mütləq çoxluq lazımdır və biz buna yalnız yeni proporsional seçki qanununun köməyi ilə nail ola bilərik”, - deyə Le Pen vurğulayıb.

Onun sözlərinə görə, sağçı “Milli birlik” partiyasının fraksiyası yeni baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürməyə tələsməyəcək. Belə ki, ilk ictimai bəyanatları onun “bütün siyasi qüvvələrlə kompromis tapmaq istəməsi” təəssüratını yaradır: “Görək, seçicilərin, məsələn, Avropa ilə bağlı istəkləri də nəzərə alınacaqmı? Barnye mühüm rol oynadığı Avropa quruculuğuna sadiq olmasına baxmayaraq, seçkilərin nəticələrini unutmamalıdır. Çünki fransızların əksəriyyəti indiki Avropa nizamına qarşıdır”.

Xatırladaq ki, növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra prezident Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib. Bu təyinat bir sıra siyasi qüvvələr tərəfindən etirazla qarşılanıb.

“Hökumətin getdikcə daha çox səhvlərə yol verməsi zəifləməsinə, daxildə dayaqlarının itirilməsinə səbəb olur”

ƏHD Partiyası idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Emmanuel Makron Fransa tarixində ən uğursuz lider kimi qalacaq. “Çünki məhz onun dönəmində Fransa ağılsız və yanlış qərarlar qəbul edərək dünyada nüfuzunu itirməyə başladı.

Makronun yarıtmaz və aqressiv siyasətinin nəticəsi olaraq Fransanın geosiyasi dayaqları sarsıldı və bu ölkə dünya siyasi səhnəsindən enməyə davam edir.

Fransanın Afrikadan qovulması bu ölkənin gələcəyini şərtləndirən əsas amillərdən biridir. Çünki Fransanın Afrikadan illik 500-600 milyard dollar müstəmləkə gəlirləri ciddi şəkildə azalacaq. Eyni zamanda Frankofoniya dövlətlərində artıq Fransaya qarşı etiraz səsləri ucalmağa başlayıb.

Həmçinin Yeni Kaledoniyada olan problemlər də bu qəbildəndir.

Makronun ağılsız qərarlarının nəticəsi olaraq bu ölkənin bir çox dövlətlərlə münasibətləri korlanıb. Buna Türkiyə, Azərbaycan və.sair ölkələri misal olaraq göstərə bilərik. Avropa İttifaqı daxilində də Fransanın diqtə siyasətinə qarşı narazılıqlar getdikcə artır. Bütün bu faktorlar isə, təbii ki, Fransanın daxili siyasətinə də təsir edir. Ölkə daxilində iqtisadi problemlərin artması və uğursuz sosial siyasət Makronun reytinqini aşağı salıb.

Biz Fransanın heç bir beynəlxalq hüquq tanımayan siyasətini Vətən müharibəsi və ondan sonrakı dönəmlərdə daha çılpaqlığı ilə müşahidə etdik. Artıq de-fakto mövcud olmayan Minsk qrupunun həmsədri kimi Fransanın missiyası ədalətli yanaşma sərgiləmək olsa da, bunun əksinə, işğalçıya dəstək verildiyini gördük”.

Ə.Zülfüqaroğlu qeyd etdi ki, bununla da Azərbaycan, xüsusilə Qoşulmama Hərəkatında Fransaya tutarlı cavab verdi və Makron növbəti rüsvayçı diplomatik məğlubiyyətlə üzləşdi. “Bununla bağlı kifayət qədər nümunələr çəkmək olar.

Artıq müxalifətin ciddi təzyiqləri var və Makron hökumətinin bu təzyiqlərə uzun müddət davam gətirməsi üçün immuniteti yoxdur. Əksinə, hökumətin getdikcə daha çox səhvlərə yol verməsi zəifləməsinə, daxildə dayaqlarının itirilməsinə səbəb olur.

Bütün bunlarla yanaşı, ABŞ-də Trampın qalib gəlməsi də hazırki Fransa hökuməti üçün problematikdir. Tramp qalib gələcəyi halda Makronun hakimiyyətdən gedişi sürətlənəcək. Bütün bu fakltorlar onu göstərir ki, Makron hakimiyyətinin ömrü uzun deyil. İstənilən halda Makronun sonu uğursuzluq vəd edir”-deyə Ə.Zülfüqaroğlu qeyd etdi.