Tehran Bakı və Ankaraya qarşı Siyasət

Tehran Bakı və Ankaraya qarşı

Çoxgedişli məkrli planlara xidmət edən Zəngəzur oyunu

Son zamanlar Tehranın süni və məqsədyönlü şəkildə Zəngəzur dəhlizini məsələsini gündəmə gətirməklə bölgədə gərginlik mənbəyi yaratmasına cəhdlərin şahidi olmaqdayıq. Tehran bu məsələni xüsusən də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra daha qabarıq formada gündəmə gətirməkdədir.

İranın Zəngəzur dəhlizi ilə bağlı məsələni gündəmə gətirməsi, heç də təsadüfi deyil və bu məkrli planın bir çox səbəbləri var. Tehranın bu addımı çoxgedişli oyunlara xidmət edir.

Birincisi, Tehran klassik ənənələrinə sadiq qalaraq öz maraqları naminə, yaxud da üzləşdiyi böhrandan diqqəti yayındırmaq üçün "ələ oynamaq" və ya "pas ötürmə" oyununu oynayır.

İlk baxışda Tehranın son bəyanatları insanda müttəfiq hesab etdiyi Moskvaya qarşı olduğu düşüncəsi yaradır. Təbii ki, Zəngəzur dəhlizi məsələsində Tehranla Moskva arasında fərqli baxış mövcuddur. Amma indiki şəraitdə Tehranın Moskvaya qarşı belə sərt çıxışı ilk növbədə İranın maraqlarına uyğun deyil. Bu heç Moskvanın da maraqlarına uyğun gəlmir. Ona görə də Moskva Tehrandan fərqli olaraq İranın bəyanatlarına ciddi reaksiya vermir. Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Qərb də son hadisələrə bir növ seyrçi mövqe sərgiləməkdədir.

Deməli, Zəngəzur dəhlizi ətrafında gərginliyin yaradılması nəinki Tehran və Moskvanın, həm də Qərbin marağındadır.

Tehran və Moskva ABŞ-dəki seçkiöncəsi prosesdən faydalanaraq bölgədə öz təsir imkanlarını möhkəmləndirməyə çalışırlar. Moskva İrəvanla Bakı arasındakı sülh danışıqlarında təşəbbüsü ələ almağa çalışır və bu məqsədlə də Zəngəzur dəhlizindən İrəvana təzyiq göstərmək üçün istifadə edir.

Tehran isə öz növbəsində özünü İrəvana, Qərbə xoş göstərmək üçün Zəngəzur dəhlizini özünün "qırmızı xətti" bəyan etməklə Bakı və Ankaraya təzyiq göstərməyə çalışır. Çünki indiki şəraitdə Moskva, Bakı və Ankaradan ciddi şəkildə asılı vəziyyətdə olduğundan münasibətlərini korlamaq istəmir.

İkincisi, Tehranın müxtəlif regional məsələlərdə Qərblə və İsraillə, açıq və pərdəarxası oyunu heç kimə sirr deyil. Yaxın Şərqdəki, xüsusən də son İsrail-Qəzza hadisəsi bunun bariz nümunəsidir. Tehranın Türkiyəyə qarşı Yaxın Şərqdəki proseslərdən - istər son İsrail-HƏMAS qarşıdurmasında, istər PKK/YPG məsələsində, istərsə də digər regional proseslərdə Qərblə və İsraillə işbirliyi mövcuddur.

Tehran Qərbin Zəngəzur uğrunda savaşında kommunikasiya xətlərinin Bakı və Ankarının nəzarətində olmasında maraqlı deyil. Zəngəzurda reallaşacaq kommunikasiya xətlərinə Bakı və Ankara nəzarət edərsə, o zaman Ankara nəinki Qafqaz bölgəsində, eyni zamandan Mərkəzi Asiyadan tutmuş Yaxın Şərqə, Balkanlara, Mərkəzi-Cənubi Avropaya, Şimali Afikayadək bir coğrafiyada öz mövqelərini möhkəmləndirməklə ciddi geosiyasi güc kimi ortaya çıxacaq. Türkiyənin də yeni dünya düzənində yeni geosiyasi güc kimi ortaya çıxması nəinki kollektiv Qərbin, o cümlədən nə Tehranın, nə Moskvanın, nə Çinin, nə də bölgədə marağı olan digər güclərin marağındadır. Tehran da bunu yaxşı bildiyindən məkrli oyunu ilə bölgədə maraqlı tərəflərin əlinə oynamaqla Zəngəzur dəhlizinin reallaşmasını və bölgədə dayanıqlı sülhün əldə olunmasını əngəlləməyə çalışır.

Üçüncüsü, Tehran bu yolla həm Moskvaya, həm Ankaraya qarşı olduğunu göstərməklə üzləşdiyi çətin böhranlı vəziyyətdə Qərblə əməkdaşlığa hazır olduğu mesajını verir.

Dördüncüsü, erməni lobbisinin, o cümlədən Avropadakı bəzi ölkələrin dəstəyindən faydalanmaqla Qərblə münasibətlərini normallaşdırmağa çalışır.

Beşincisi, Yaxın Şərq cəbhəsindəki məğlubiyyətini ört-basdır etmək üçün bölgədə gərginlik yaratmağa cəhd etməklə həm İran cəmiyyətinin, həm də beynəlxalq aləmin diqqətini Cənubi Qafqaza yönəltmək istəyir.

Altıncısı, İranın yeni prezidenti Azərbaycan türkü olduğundan daxildəki qüvvələrinin təhriki ilə Bakı və Ankara ilə münasibətlərinin ehtimal olunan normallaşdırma cəhdinin qarşısını almağa xidmət edir.

Prezidentin kim olmasından asılı olmayaraq İranın xarici siyasətində kardinal dəyişiklik etmək qeyri-mümkündür və bu inandırıcı deyil. Amma Azərbaycan türkünün prezident seçilməsi, İranda türklərin hansısa formada milli oyanışına təsirləri olacaq. Tehran da bundan narahat olduğundan indidən münasibətləri gərginləşdirməklə gələcəkdə inkişaf edə biləcək ssenarilərin qarşısını almaq istəyir. Bunu həm də milli oyanışın qarşısını almaq üçün proflaktik addım hesab etmək olar.

Digər qonşuları ilə münasibətlərinin heç də yaxşı olmayan, hətta düşən vəziyyətində olan Tehran unutmamalıdır ki, Bakı və Ankaraya qarşı çıxmaqla uğur əldə edə bilməycək. Əksinə, Tehranın bu çoxgedişli məqsədlərə xidmət edən məkrli oyunlarında uduzan tərəf özü olacaq.

Tehran onu da anlamalıdır ki, Ermənistana dəstəyi heç bir müsbət nəticə verməyəcək. Əgər Qərb Ermənistanda möhkəmlənərsə, o zaman İrəvana Tehranla sıx əməkdşalığa imkan verilməyəcək. Olsa da məhdud səviyyədə olacaq. Digər tərəfdən Tehran İrəvanla nə qədər sıx əməkdaşlıq etsə belə, bu, Bakı və Ankara ilə əməkdaşlıq qədər faydalı olmayacaq.

Hesab edirəm ki, Tehran siyasətində ciddi dəyişiklik edib Bakı və Ankara ilə səmimi şəkildə sıx münasibətlər qurarsa, ciddi inkişaf mərəhələsinə qədəm qoya bilər.

Mürtəza Bünyadlı