“Ermənistan konstitusiyası dəyişdirlmədən davamlı sülh mümkün deyil” Siyasət

“Ermənistan konstitusiyası dəyişdirlmədən davamlı sülh mümkün deyil”

Turan Rzayev: “Ona görə İrəvan bu məsləni həll etməlidir”

Zəngəzur dəhlizi ilə bağlı region ölkələrinin mövqeyi, İranın narahatlığı və Qərbin münasibəti son zamanlar daha çox müzakirə olunur. Eyni zamanda sülh gündəliyi və Paşinyanın açıqlamaları maraqlı nüansları üzə çıxarır. Politoloq Turan Rzayev “Xalq Cəbhəsi”nə müsahibəsində real mənzərəni dəyərləndirməyə çalışdı...

-Öncə qeyd edim ki, Gürcüstanın Zəngəzur dəhlizinə baxışı ehtiyatlıdır. Yəni rəsmi Tiflis dəhlizin açılmasına qarşı olmasa da, narahatlığı var. Gürcüstanı narahat edən başlıca məsələ Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycanın sülh müqaviləsi imzalaması fonunda regional əhəmiyyətini itirməsidir.

Mövcud şərtlər daxilində Azərbaycan neft və qaz layihələrini Gürcüstanla icra edir. Bunun müqabilində Tbilisi həm gəlir əldə edir, həm də qeyd olunan təbii sərvətləri ucuz ala bilir. Zəngəzur dəhlizinin açılması fonunda isə Bakı bütün bunları həm də Ermənistanla edə bilər.

Türkiyə Zəngəzur dəhlizinin açılmasını birmənalı şəkildə istəyir. Ankaranın məsələyə baxışı Avropaya nəql ediləcək neft və qazın həcminin artması ilə bağlıdır. Daha dəqiq desək, Türkiyə Osmanlının bir zamanlar Baharat və İpək yoluna nəzarəti fonunda Qərbə qarşı etdiyi təzyiqi indi neft, qazla etməyi düşünür. Düzdür, Türkiyə Avropaya neft, qaz nəql etmir, amma Zəngəzur dəhlizinin açılması fonunda Bakının yeni layihələrlə nəql ediləcək neft və qazın həcmini artıracağını bilir. Türkiyə isə bunun Avropaya daşınmasında ötürücü ölkə kimi söz sahibi olmaqla Qərbə qarşı təzyiq rıçaqları əldə etməyi arzulayır. Bundan başqa, Bakının neft və qazın nəqlini artırması Türkiyənin də enerji asılılığına son verə bilər.

İran Zəngəzur dəhlizinin açılmasını birmənalı şəkildə istəmir. Tehranın məsələyə baxışı həm narahatlıq, həm də maraqlar kontekstində diqqət çəkir. Belə ki, İran dəhlizinin açılması fonunda regionda sərhədlərin dəyişəcəyini düşünür. Bu isə öz növbəsində Tehranın Avropaya əsas çıxışının bağlanması deməkdir. Bundan başqa Ermənistan ilə sərhəd İran üçün illeqal fəaliyyətlər üçün də vacibdir. Söhbət qanunsuz silah və narkotik dövriyyəsindən gedir. Tehran Ermənistan üzərindən Avropaya bu iki qanunsuz ticarəti aparır və nəticədə milyonlarla dollar vəsait əldə edilir.

Təbii ki, Tehranı narahat edən digər faktor da Azərbaycanla bağlıdır. Dəhlizin açılması fonunda Bakının güclənəcəyini bilən Tehran Qarabağ, Zəngəzurdan sonra hədəfin Cənubi Azərbaycan olacağını düşünür. Xüsusilə Ankara və Bakının bu istiqamətdə konkret plan üzrə hərəkət etdiyi fikri Tehranı siyasi paranoyaya salır.

Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyən əsas ölkələrdəndir. Kremlin məsələyə baxışı regional kommunikasiyalara nəzarət etməkdir. Ukrayna ilə müharibə kontekstində Qərbin sanksiyaları Kremlin gəlirlərinə ciddi təsir edib. Rusiya həm Qərbə qarşı təzyiqləri artırmaq, həm də əlavə nəfəslik əldə etmək üçün dəhlizin açılmasını istəyir. Onu da qeyd edim ki, 10 Noyabr bəyanatına görə, dəhlizin təhlükəsizliyini Rusiya təmin etməlidir.

Nəticə etibarilə Türkiyə, Rusiya Zəngəzur dəhlizinin açılmasını arzulayır, İran qarşı çıxır, Gürcüstan isə ehtiyatlı yanaşır. Lakin regional aktorlardan əlavə, dəhlizin açılmasına təsir edəcək əsas faktor geosiyasi aktorlardır.

Misal üçün, Çin dəhlizinin açılmasını istəyir. Pekin bunu “Bir kəmər, Bir yol” layihəsinin tərkib hissəsi olaraq görür. ABŞ isə dəhlizin açılmasında vəziyyətə görə hərəkət edir. Yəni açılma ehtimalı artdıqca qarşı çıxır.

-Britaniya və Avropa İttifaqına daxil olan ölkələrin də mövqeyi maraqlıdır...

-Avropada dəhlizin açılmasında maraqlı olan əsas aktorlar Böyük Britaniya və İtaliyadır. Qarşı çıxan ölkə isə Fransadır. Makron hakimiyyətinin dəhlizə baxışı, yanaşması neqativdir.

Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılma ehtimalı hazırda 50 faizin üzərindədir. Təbii ki, bunun dəhliz və ya yol prinsipi ilə olacağı hələlik bəlli deyil. Bundan başqa, dəhlizə kimin nəzarət edəcəyi də fikir ayrılığı yaradan məqamlardandır.

Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin fonunda sözügedən yola hansısa özəl hərbi şirkətin nəzarət etməsi təklifi tez-tez gündəmə gəlir. Son olaraq Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bu barədə müsbət fikir səsləndirib. Lakin “özəl hərbi şirkət” versiyası Bakının maraqlarına cavab vermir.

-Azərbaycanın bu təklifi qəbul etməməsinin səbəbləri nədir?

-Azərbaycan bu təklifi iki səbəbdən qəbul etmir:

Birincisi, təklif yenidir və təktərəfli irəli sürülüb. Yəni Ermənsitan bu təklifi irəli sürərkən sadəcə öz maraqlarını nəzərə alıb. Halbuki 10 noyabr bəyanatı Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanıb. Həmin bəyanatda kommunikasiyaların açılmasının necə və hansı yolla olacağı açıq-aydın göstərilib. Bakı fərqindədir ki, İrəvan bu təkliflə həm 10 noyabr bəyanatındakı öhdəlikdən yayınmaq, həm də sülh gündəliyini dəyişmək istəyir.

İkincisi, Ermənsitanın təklif etdiyi “xarici özəl şirkət” məsələsi etibarsızdır və təhlükəsizlik problemlərini tam həll etmir. Ümumiyyətlə, dünyada bir çox xüsusi hərbi şirkət var. Lakin bəzi şirkətlər daha çox ön plana çıxır:

Academi (Blackwater): ABŞ mərkəzli bu hərbi şirkət xüsusilə İraq və Əfqanıstanda təhlükəsizlik və logistika xidmətləri təqdim etməklə tanınır.

G4S: İngiltərə mərkəzli G4S dünya üzrə təhlükəsizlik və xidmət həlləri təqdim edən şirkətdir. Xüsusilə hökumətlər və korporativ müştərilərə xidmət edir.

Triple Canopy: ABŞ mərkəzli “Triple Canopy” təhlükəsizlik, kəşfiyyat və logistika xidmətləri təqdim edən hərbi şirkətdir. Xüsusilə Yaxın Şərqdə fəaliyyət göstərir.

Siyahını uzatmaq olar. Bu şirkətlər adətən hökumətlər, korporativ şirkətlər və ya digər müştərilər üçün müxtəlif hərbi və təhlükəsizlik xidmətləri təqdim edir. Bununla belə, xüsusi hərbi şirkətlər müxtəlif mübahisələrin mərkəzində yer alır. Haqlarında saysız tənqid, şikayətlər var. Bəzi xüsusi hərbi şirkətlər müştəriləri üçün çalışarkən insan hüquqlarını pozmaqdan çəkinmir. Bundan başqa, dövlət qurumlarına nisbətən daha az hesabatlılığı var. Bu, pis niyyətli və ya qanunsuz fəaliyyətlərin qarşısını almağı çətinləşdirə bilər.

Daha bir problem isə budur ki, xüsusi hərbi şirkətlər təhlükəsizlik və məxfilik tədbirləri alır, həyata keçirdikləri işlər tez-tez ictimaiyyətdən və mətbuatdan uzaq tutulur. Buna görə də fəaliyyətləri barədə tam məlumat əldə etmək çətin olur.

Nəticə etibarilə rəsmi Bakının İrəvanın təklifi ilə razılaşmamaq üçün kifayət qədər əsası var. Yəni Azərbaycan 10 noyabr bəyanatına sadiq olduğunu, prosesin bu istiqmətdə həllində maraqlı olduğunu bir daha bəyan edir. Ən azından bu, optimal, qarşılıqlı maraqları özündə ehtiva edəcək alternativ təklif olanadək belə olacaq.

-Bu məsələ ilə bağlı İranla Rusiya arasında yaranan soyuqluq prosesə necə təsir edə bilər?

-Tehran Moskvanın Zəngəzur dəhlizinin açılmasına dəstək verməsindən narahatdır. Təsadüfi deyil ki, buna görə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib. İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.

Qeyd olunub ki, tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar.

İranda prezidentin dəyişməsinə baxmayaraq, gözlənildiyi kimi, xarici siyasətdə ciddi korrektələr edilməyib. Yəni Tehran yenə Zəngəzur dəhlizinə “qırmızı xətt”i kimi baxır. Əslində, Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu “qırmızı xətt” təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə qarşı yönəlib.

Tehran yaxşı bilir ki, dəhlizin açılması Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini dəyişdirməyəcək. Yəni 10 Noyabr bəyanatında da maneəsiz hərəkətdən bəhs olunur, hər hansı ərazi ilhaqından deyil.

İranın Avropa bazarına əsas qapısı məhz Ermənistan üzərindədir. Tehranın Zəngəzurdan keçən yol ilə Gürcüstana, buradan Poti və Batum limanları ilə Avropa bazarına çıxışı var. İran-Ermənistan sazişlərinə görə iki ölkə arasında gömrük rüsumları azdır. Bəzi məhsulların keçidi isə yoxlanışsız, pulsuzdur. Dünya narkotik ticarətində əsas keçid nöqtəsi buradır.

İran onsuz da 44 günlük müharibədən sonra narkotik bitkilərin becərildiyi Qarabağdan məhrum oldu. İndi də bu biznesin əsas ixrac yolunu itirmək istəmir. Tehran bilir ki, dəhliz açılarsa, bura nəzarət Rusiyada olacaq. Rusiya isə Ermənistanla İran arasında imzalanan sazişləri, güzəştləri tanımayacaq. Ən azından İranın əsas narahatlığı budur. Müctəba Dəmirçilu ilə Aleksey Dedov arasında bu məsələlərin müzakirə edilməsi istisna deyil.

O ki qaldı tərəflərin “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparmasına, bu, Kremlin təklifdir. Rusiya İranın narahatlığını bilir və aradan qaldırmaq üçün belə görüş təklif edir. Bu görüş həm də Zəngəzurun statusunun necə olacağını müəyyən edə bilər. Yəni tərəflərin maraqları nəzərə alınaraq dəhliz açıla bilər.

-Paşinyanın sn açıqlamasını- “Azərbaycanla 13 maddə razılaşdırılıb” ifadəsini necə dəyərləndirmək olar?

-Paşinyanın "İrəvan Dialoqu" forumunda dediyi “Azərbaycanla 13 maddə razılaşdırılıb” ifadəsi böyük ehtimalla doğrudur. Çünki Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında deyib ki, “Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb”.

Ermənistan tərəfi təklif edir ki, sülh müqaviləsi razılaşdırılmış maddələr üzrə imzalansın. Azərbaycan tərəfidə sülhün tez bir zamanda imzalanmasını istəyir. Prinsibcə Sülhə çox yaxınıq. Amma Ermənistanın hazırkı təklifi qəbul edilə bilməz. Çünki Azərbaycanın təklif etdiyi və sülh üçün prioritet tələbi olan Ermənistan konstitusyasının Azərbaycan və ətraf ölkələrə ərazi iddiasını özündə ehtiva edən maddə ha belə, sülh müqaviləsinin imzalanması istiqamətində hüquqi əngəl yaradan müvafiq maddələr dəyişdirilməlidir. Böyük ehtimalla bu tələb iki ölkə arasında razılaşdırılmayan maddələrdəndir.

Azərbaycanın konstitusya ilə bağlı təklifi diqtə, ya da qalib ədası ilə irəli sürülmüş təklif deyil. Bu sülhün qalıcı olması üçün atılan zəruri tədbirdir. Bu gün biz Paşinyanla uzlaşa bilirik amma sabah onun yerinə gələcək şəxs, ya da komanda yenidən revanşizm siyasəti yürüdə bilər. Və konstitusya maddələri ilə sülh müqaviləsini poza bilər.

Ermənistan konstitusyası dəyişdirlmədən slüh müqvailəsin imzalanması davamlı sülh yox, müddətli sülh olacaq. Mahiyyət etiabri ilə atəşkəs razılaşmasından fərqi olmayacaq. Buna görə İrəvan bu məsləni həll etməlidir.

Hesab edirəm sülhə çox yaxınıq. Son bir iki detalda həllini tapsa sülh müqaviləsin imzalanmasının şahidi olacağıq.

Cavad