“Milli Şura”nın beynəlxalq təşkilatlara çağırışına CAVAB Siyasət

“Milli Şura”nın beynəlxalq təşkilatlara çağırışına CAVAB

Elçin Mirzəbəyli: “Cəmiyyətimiz Kərimli və Həsənli kimilərinin varlığını çoxdan unudub”

“Azərbaycanda “Milli Şura” adlanan legitim siyasi təşkilat yoxdur. “Siyasi partiyalar haqqında” qanuna görə ölkəmizdə siyasi təşkilatlanmanın yeganə hüquqi forması siyasi partiyalar, seçki dövründə isə bu məqsədlə yaradılmış siyasi partiyalar blokudur”.

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli qeyd edib ki, özünü “Milli Şura” adlandıran təsisat 2013-cü ildə siyasi partiyaların bloku kimi yaradılıb və omrünü də elə həmin dövrdə başa vurub:

“Azərbaycan tarixində bir neçə dəfə “Milli Şura” adlı təsisat yaradılıb. Bunlardan birincisi, Azərbaycan Xalq Cümhuriyyətinin elanını gerçəkləşdirən təsisatdır. İkinci dəfə “Milli Şura” adlanan təsisat Azərbaycan Respublikası Ali Sovetinin bazasında 1991-ci ilin noyabrında yaradılıb və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə səlahiyyətlərini başa vurub. Azərbaycan Respublikasının ərazisində “Milli Şura” adlanan başqa bir təsisat isə 1989-cu ildə Ermənistanın bilavasitə himayəsi altında separatçı ermənilər tərəfindən yaradılıb və bu qondarma təsisat da Ermənistan SSR Ali Soveti ilə birlikdə 1989-cu il dekabrın 1-də Azərbaycanın ayrılmaz bir parçası olan “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi ilə bağlı “qərar” qəbul edib. Sözügedən “qərar” SSRİ Ali Soveti tərəfindən ölkə konstitusiyasına zidd olduğu üçün ləğv edilib”.

E.Mirzəbəyli xatırladıb ki, bir qrup siyasi avantüristin 2013-cü ildən bəri ölkənin ictimai rəyinə sırımağa çalışdığı “Milli Şura” ifadəsi plagiatdır, qeyri-qanunu və qeyri-legitim fəaliyyətinə və yerinə yetirdiyi təxribatçı missiyaya görə, separatçıların qondarma təsisatından fərqlənmir:

“Həsənli, Kərimli və bu zümrədən olan digərlərinin Azərbaycanın dövlət müstəqilliyini elan edən Milli Şuranın adından sui-istifadə etmək niyyətlərinə gəldikdə isə təəssüf ki, belə nümunələr ölkədə fəaliyyət göstərən digər təsisatların uğursuz təcrübəsində də var və bu, Azərbaycanda məşhur olan “Koroğlu” və “kor kişinin oğlu” müqayisəsinə bənzəyir.

Azərbaycanda keçirilən son parlament seçkilərində isə legitimliyi tamamilə şübhə doğuran, fəaliyyəti ölkə Konstitusiyası və “Siyasi partiyalar haqqında” qanunla ziddiyyət təşkil edən “AXCP” adlanan qəsb edilmiş təsisat istisna olmaqla, bütün siyasi partiyalar iştirak ediblər. Bu faktın özü, eyni zamanda seçkilərə qatılan namizədlərin sayı seçkilərdə “real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə keçdiyi” barədə iddiaları alt-üst edir. “Yurd” adı ilə yurdda qalan Kərimlinin seçkilərdə, rüsvayçı məğlubiyyətini öncədən göz önünə alaraq, iştirak etməməsi isə nəinki seçkilərin legitimliyinə, hətta seçki atmosferinə belə hər hansı bir formada təsir etməyib. Sosial şəbəkələrdəki inkubator trolları istisna olmaqla Azərbaycan cəmiyyəti Kərimli və Həsənli kimilərinin varlığını çoxdan unudub. Bu adamlar uzun illərdir ki, “siyasi meyit”ə çevriliblər, sadəcə bu həqiqəti özlərinə etitaf edə bilmirlər”.

E.Mirzəbəyli Azərbaycana qarşı təzyiqlərin yeni bir proses olmadığını, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı həyata keçirilən ənənəvi təxribat planlarının bir hissəsi olaraq davam etdiyini deyib. Onun sözlərinə görə, vaxtilə Azərbaycan ərazilərinin işğalı və aqressiv separatizm üzərindən regionda mövqelərini möhkəmləndirmək, maraqlarını təmin etmək üçün ölkəmizə qarşı sistemli təxribat ssenarilərini gerçəkləşdirənlər ərazi bütövlüyümüzün təmin olunması və suverenliyimizin bərpası ilə barışa bilmirlər:

“ATƏT-in təzyiq dolu hesabatı bu sözügedən uğursuz təsisatın təmsilçilərinin öncədən hazırladıqları böhtan və qarayaxmadan başqa bir şey deyil. 30 ilə yaxın davam edən işğala “şam tutan”, yüzminlərlə azərbaycanlının pozulmuş hüquqlarına, Ermənsitanın etnik təmizləmə və soyqırım cinayətlərinə məhəl qoymadan təcavüzkarı himayə edən uğursuz bir təsisatın marionetlərindən bundan artığını gözləməyə də dəyməzdi. ATƏT hər zaman olduğu kimi, kiçik redaktələrlə boyat “fast-food” hesabatını yeni kimi qələmə verməyə çalışıb və nəticədə özünü rüsvay edib”.