"Gürcüstan Azərbaycanın maraqlarını istər-istəməz qəbul etmək məcburiyyətindədir" Siyasət

"Gürcüstan Azərbaycanın maraqlarını istər-istəməz qəbul etmək məcburiyyətindədir"

Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstan səfərindən regiona təsir edən heç bir siyasi nəticəsi ola bilməz. Sözsüz ki, tərəflər arasında müəyyən razılaşmaların əldə edilməsi, bəyanatların verilməsi diplomatik qayda, siyasi və etik normaların tələbələridir. Həm Gürcüstan və həm də Ermənistanın Rusiyanın təsir və maraq dairəsindən çıxmaq imkanı çox zəifdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, bu iki dövlətin Rusiyaya, Azərbaycana qarşı hər hansı razılaşması mümkün deyil:

"Yeri gəlmişkən, Zəngəzur dəhlizinin əleyhinə Gürcüstan bu günə kimi heç bir rəsmi mövqe nümayiş etdirməyib. Ancaq, Zəngəzur dəhlizi İran kimi, Gürcüstanın da həm siyasi və həm də iqtisadi maraqlarına uyğun gəlmir. Hind okeanı, Asiyadan, Xəzər hövzəsindəndən tranzit, enerji daşıyıcılarının Gürcüstana alternativ ərazidən keçməsi əlbəttə ki, iqtisadi marağına mənfi təsir etməklə Gürcüstanın siyasi əhəmiyyətini də azaldır. Ümumiyyətlə Gürcüstanın dövlət və milli maraqları kontekstindən, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşması arzuolunmazdır. Gürcüstan Zəngəzur dəhlizinə qarşı olsa da, onun etnik tərkibi, Cənubi Osetiya və Abxaziya məsələsi, Azərbaycan və Türkiyənin regionda və dünyada söz sahibi olduğundan Gürcüstan Azərbaycanın maraqlarını istər-istəməz qəbul etmək məcburiyyətindədir".

Cavid