“Dövlət Suverenliyi Günü də şərəf tariximizə qızıl hərflərlə yazılacaq”-Samir Hümbətov Siyasət

“Dövlət Suverenliyi Günü də şərəf tariximizə qızıl hərflərlə yazılacaq”-Samir Hümbətov

“Dövlət Suverenliyi Günü məhz Azərbaycan tarixində qızıl hərflərlə yazılası bir addımdır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib. O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 sentyabrı Dövlət Suverenliyi Günü kimi təsis etməsi dövlətə və dövlətçiliyə verilən ən böyük qiymətlərdən biridir: “Əlbəttə, bizim müstəqilliyimizi bərpa etdikdən sonra qarşımızda duran birinci məsələ suverenliyimizin qorunub saxlanması idi. Təəssüf ki, bunu həmin dövrdə edə bilmədik. Çünki ərazilərimiz Ermənistan silahlı qüvvələri və separatçı ünsürlər tərəfindən işğal edildi. Amma, 2016-cı ildə Aprel döyüşləri, 2020-ci ildə Tovuz döyüşləri, daha sonra 44 günlük Vətən müharibəsi və nəhayət, bir il öncə sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən uğurlu antiterror əməliyyatları nəticəsində işğal altında olan ərazilərimiz azad edildi. Bu gün artıq Azərbaycan əraziləri işğal altında deyil, suverendir. Azərbaycan hər zaman olduğu kimi yenə də öz taleyinin sahibidir. Azərbaycan Prezidenti dövlətin, dövlətçiliyin əsas təminatçısıdır, müstəqilliyimizin qarantiyasıdır. Düşünürəm ki, 20 Sentyabr - Dövlət Suverenliyi Günü də məhz Azərbaycan tarixində qızıl hərflərlə yazılası bir addımdır. Çünki tarix boyu, xüsusi ilə də XX əsrin ikinci yarısından bu yana qarşımıza elə bir dövlət çıxmır ki, əraziləri 30 il işğal altında qala və 30 il sonra işğaldan azad oluna. Yəni bu, xüsusi bir əhəmiyyət daşıyır. O baxımdan düşünürəm ki, cənab Prezidentin bu yöndə imzaladığı Sərəncam hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, inanc yeridir. Bu, dövlətimizin və dövlətçiliyimizin təməl prinsiplərinin müəyyən edilməsində ciddi bir addım olacaq”.
Politoloq əlavə edib ki, Dövlət Suverenliyi Günü də Müstəqilliyin Bərpası Günü və Müstəqillik Günü kimi Azərbaycan xalqı üçün qürur yeri olacaq və şərəf tariximizə qızıl hərflərlə yazılacaq.