“Bu müqavilə zəfərlərimizin kilididir” Siyasət

“Bu müqavilə zəfərlərimizin kilididir”

”Əsrin müqaviləsi” imzalandığı tarixin və əsrin ən böyük müqaviləsi hesab olunur. 20 sentyabr 1994-cü ildə mərhum Prezident Heydər Əliyevin yeritdiyi uzaqgörən siyasət nəticəsində belə bir müqavilə imzalandı.”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O qeyd edib ki, bu müqavilə özlüyündə bir çox məsələni ehtiva edirdi: “İlk növbədə Azərbaycanın neft və qazının istehsal edilməsi, daha sonra onun Avropa bazarına çıxışının təmin edilməsi məsələsi gündəmdə idi. “Əsrin müqaviləsi” nədir deyə soruşsalar, mən deyərdim ki, bu gün qeyd etdiyimiz zəfərlərimizin kilidi, əsas özəyi, bazasıdır. Bu müqavilədən sonra yeni sazişlər imzalandı. Azərbaycan “Əsrin müqaviləsi” sonrası ərsəyə gətirdiyi yeni layihələrlə, imzaladığı yeni müqavilərlə Avropa bazarında söz sahibi oyunçulardan birinə çevrildi. Hətta bu gün Azərbaycan Avropanın etibarlı enerji təminatçısı ölkəsi halına gəlib. Bu müqavilənin qazandırdığı iqtisadi, siyasi, diplomatik dividentlər bizə gələcəkdə Ordumuzu dünya ölkələrinin standartlarında yetişdirməyimizə, daha modern texnoloji silahların alınmasına, mövcud texnologiyaların yenilənməsinə gətirib çıxardı. Eləcə də təhsil sistemində apardığımız islahatlar nəticəsində ixtisaslı kadrlarımız yetişməyə başladı. Dünyanın müxtəlif ölkələrinə təqaüd proqramları ilə göndərilən təhsil alan tələbələr geri qayıdıb ölkədə işləməyə başladılar. Eləcə də Azərbaycan artıq özü Xəzər dənizində neft platformaları inşa edir. Bu gün TOTAL, BP kimi şirkətlər Azərbaycanda fəaliyyət göstərir və fəaliyyətləri nəticəsində ölkə iqtisadiyyatına hər il milyonlarla dollar vəsait gəlir. Azərbaycanın müstəqillik dövrünün iki yerə bölmək olar. “Əsrin müqaviləsi”ndən öncəki dövr, “Əsrin müqaviləsi”ndən sonrakı dövr. Hər iki dövrə də baxdıqda bu müqavilənin əhəmiyyətini açıq şəkildə görə bilərik”.
T.Rzayev “Əsrin müqaviləsi” ən nəhayətində bizə Qarabağ zəfərini bəxş etdiyini diqqətə çatdırıb.

Röya İsrafilova