“Bu müqavilə ilə Azərbaycan özünün iqtisadi müstəqilliyinə gətirib çıxaran proseslərin əsasını qoydu” Siyasət

“Bu müqavilə ilə Azərbaycan özünün iqtisadi müstəqilliyinə gətirib çıxaran proseslərin əsasını qoydu”

“Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Mən düşünürəm ki, bu müqavilə ilə Azərbaycan özünün iqtisadi müstəqilliyinə gətirib çıxaran proseslərin əsasını qoydu. Çünki dünyada hazırkı dövrdə də görürük ki, təbii sərvətlərlə, karbohidrogen yataqlarla zəngin olan dövlətlərin heç də hamısı özlərinə aid təbii sərvətlərin bazara çıxarılması və istədikləri qiymətə satılmasını həyata keçirmək üçün rahat addımlar ata bilmirlər və ya istədiklərinə nail ola bilmirlər”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib. O əlavə edib ki, Azərbaycan o dövrdə “Əsrin müqaviləsi”ni imzalamaqla əslində iqtisadi müstəqilliyimizin yaranmasına gətirib çıxaran prosesin, digər tərəfdən həm də özünün dövlət müstəqilliyinin təhlükəsizliyinin təminatı kimi ümumilikdə Cənub Qafqaz regionunda təhlükəsizliyin təminatını reallaşdıran proseslərin əsasını qoydu: “Azərbaycan əslində bu addımını atmaqla bir daha göstərdi ki, uğurlu xarici siyasət və iqtisadi münasibətlərin qurulması dövlətin gələcəyinin müqəddəratını müəyyənləşdirir. Yenicə müharibədən çıxmış və əraziləri işğal edilmiş bir dövlətin, Atəşkəs müqaviləsini bağlamasından bir neçə ay sonra “Əsrin müqaviləsi”ni imzalaması Azərbaycan dövlətinin iqtisadi güclənməsinə, möhkəmlənməsinə və bu yolla da dövlət idarəçilik sisteminin, Ordusunun güclənməsinə gətirib çıxardı. Yekunda 26 il sonra Azərbaycan öz haqq müharibəsini apardı, ərazi bütövlüyünü təmin etdi. Daha sonra bir il bundan öncə biz suverenliyimizin təminatını həyata keçirdik. Yəni bütün bu proseslər bir-biri ilə zəncirvari əlaqəlidir”.

X.Bəşirov həmçinin bildirib ki, iqtisadi müstəqilliyi, gücü olmayan dövlət müstəqil siyasət yürüdə, inkişaf edə və qarşısına qoyduğu məqsədlərə nail ola bilməz. O əlavə edib ki, Azərbaycan bunu öz dövlətçilik siyasətində göstərmiş oldu. Politoloq əlavə edib ki, məhz onun nəticəsidir ki, bu gün Azərbaycan yenicə pandemiyadan, həmçinin qələbə çaldığı, 20 faiz ərazilərini işğaldan azad etdiyi müharibədən çıxmasına, özünün ərazi bütövlüyünü və suverenliyini təmin etməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərində geniş bərpa və quruculuq işləri aparır, eyni zamanda, digər layihələrin də icrasını həyata keçirməyi gecikdirmir.
Xalq Cəbhəsi Qəzeti | Bütöv Azərbaycanın qəzeti