“Əsrin müqaviləsi” Azərbaycanın ən ciddi uğurudur - Arzu Nağıyev Siyasət

“Əsrin müqaviləsi” Azərbaycanın ən ciddi uğurudur - Arzu Nağıyev

“Bu müqavilə iqtisadi, siyasi, hərbi və digər istiqamətlərdə Azərbaycanın ən ciddi uğuru, məhz bu uğurun da memarı, yaradıcısı Ulu öndər Heydər Əliyev idi”

“30 il bundan öncə “Əsrin müqaviləsi”nin imzalanması çox mühüm bir məsələ idi. Çünki atəşkəs əldə olunmuşdu, əsas məsələ də ondan ibarət idi ki, ordu quruculuğu üçün çox mühüm maliyyə vəsaiti gəlməli idi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat əlavə edib ki, eyni zamanda, SSR dağıldıqdan sonra Azərbaycan neftinin Avropaya çıxarılması inandırıcı görünmürdü: “Təbii ki, bu müqavilənin imzalanması Ulu öndər Heydər Əliyevin tarixi bir qələbəsi idi. Çünki istər Rusiya, istər digər dövlətlər çalışırdılar ki, nəyin bahasına olur, olsun bu nefti özləri üçün istifadə etsinlər. “Əsrin müqaviləsi”ndən sonra biz dünyanın aparıcı neft şirkətləri ilə müqavilə bağladıq. Həmçinin əsas məqam ondan ibarətdir ki, ölkənin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün böyük potensialın yaradılması məhz həmin gəlirlər vasitəsi ilə oldu. Digər məqam təbii ki, bunun siyasi istiqaməti idi. Artıq biz dünyaya sübut etdik ki, Azərbaycan neftini sərbəst şəkildə Avropaya çıxara bilirik və bunun üçün də hər cürə resursumuz, imkanlarımız var”.

A.Nağıyev artıq bütün dünyanın Azərbaycanı enerji təhlükəsizliyinə təhdidin qarşısını ala biləcək bir dövlət kimi qəbul etdiyini vurğulayaraq bunun Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müstəqil daxili və xarici siyasətin nəticəsində olduğunu deyib: “Uzun illərdən sonra biz bir daha əmin olduq ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı ordu quruculuğunda nə qədər irəliləyişimiz oldu. Artıq biz Xəzər dənizində müasir qurğuların yaradılmasının şahidi olduq və güclü ordumuzu maliyyələşdirmək istiqamətində atılan addımlar 44 günlük müharibədə bizim qələbələmizi əldə etməkdə çox mühüm rol oynadı. Bir sözlə, “Əsrin müqaviləsi” iqtisadi, siyasi, hərbi və digər istiqamətlərdə Azərbaycanın ən ciddi uğuru, məhz bu uğurun da memarı, yaradıcısı Ulu öndər Heydər Əliyev idi”.

Röya İsrafilova
Xalq Cəbhəsi Qəzeti | Bütöv Azərbaycanın qəzeti