“ABŞ və Ermənistanın birgə təlimlər keçirməsi sülhə xidmət etmir” Siyasət

“ABŞ və Ermənistanın birgə təlimlər keçirməsi sülhə xidmət etmir”

“Son dövrlər keçmiş Dağlıq Qarabağ ermənilərinə artırılan diqqət, eyni zamanda, Ermənistana verilən dəstək heç bir halda sülhə xidmət eləmir”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turab Rzayev söyləyib. O bildirib ki, Qarabağ erməniləri ilə bağlı məsələlər həm ABŞ Konqresində, həm də Fransada Senatında gündəmə gətirilir: “Bu günlərdə hətta ABŞ Konqresində yenə ortaya atıldı ki, Azərbaycanın müəyyən maliyyə hesabları dondurulsun və Qarabağ ermənilərinin zərərlərini ödəmək üçün ermənilərin istifadəsinə verilsin. Çox qəribə haldır ki, indiyədək belə bir addım məhdud şəkildə ancaq Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya qarşı atılıb. Azərbaycan isə hansısa ərazini işğal etməyib, öz ərazilərinə azad edib, suverenliyini bərpa edib. Hətta o ərazilərdəki ermənilərə orada qalma şansı tanıyıb. İndi isə Azərbaycana qarşı belə bir iddianın ortaya atılması heç bir halda Konqresə baş ucalığı gətirmir. Fransa Senatı isə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını, dəfələrlə Azərbaycana qarşı sanksiya məsələsini ortaya qoyub, həmçinin Azərbaycan qarşı sanksiyaları qəbul edib, Avropa İttifaqının müzakirəsinə çıxarıb və s. Fransa Senatında mütləq bir ermənipərəst çoxluq var və onlar daim Azərbaycana qarşı hərəkət edirlər”.
Politoloq ABŞ Dövlət Departamentində, Pentaqonda, Ağ Evdə kifayət qədər rasional qərar verəcək şəxlərin olduğuna ümid etdiyini bildirərək, onların Senatdakı bu cür axmaq ideyaların, fikirlərin Konqresə keçməsinə şərait yaratmayacaqlarına, Azərbaycana qarşı yenə də neytral siyasəti qorumağa çalışacaqlarına inandığını deyib: “Aydın məsələdir ki, ABŞ və Ermənistanın birgə təlimlər keçirməsi, Fransanın təcili təlimlərə başlaması, Ermənistan ordusunun davamlı olaraq silahlandırılması sülhə xidmət eləmir. Bu, Ermənistanı daha da ürəkləndirir, Ermənistan sülhdən qaçmağa, artıq sülh danışıqlarında öz şərtlərini ortaya qoymağa, şərtləri ağırlaşdırmağa çalışır. Bu da heç bir halda sülhə xidmət deyil. Bir tərəfdən ABŞ sürətli sülh üçün Azərbaycana və Ermənistana təzyiq edir. Amma Ermənistana verilən dəstək də həm Ermənistanda, həm də Qarabağ icmasında bir həvəs yaradır ki, bizə xarici dəstək ola bilər”.
T.Rzayev bununla Ermənistanın Azərbaycanla sülh danışıqlarında öz mövqelərini sərtləşdirdiklərini və Azərbaycan əleyhinə ortaya mövqe qoymağa çalışdıqlarını deyib.

Röya İsrafilova
Xalq Cəbhəsi Qəzeti | Bütöv Azərbaycanın qəzeti