Ermənistan Azərbaycanla sülh şəraitində yaşamaq istəyirsə... Siyasət

Ermənistan Azərbaycanla sülh şəraitində yaşamaq istəyirsə...

Azərbaycanın beynəlxalq arenada tanınmış ərazilərində öz suverenliyini bərpa etməsindən və Qarabağda yuvalanmış qondarma rejimi kapitulyasiyaya məcbur edərək öz qərarları ilə varlığına son qoydurmasından sonra ABŞ Konqresi və Fransanın Qarabağ münaqişəsini canlandırmaq üçün sistemli addımlar atacağı şübhə doğurmurdu.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, ABŞ Konqresində erməni izləri həmişə olub, indi də mövcuddur. Erməni lobbisinin vəsaiti və dəstəyi ilə konqresmen olanların separatçı rejimin nümayəndələrinin ABŞ Konqresinə dəvət edilməsi, eyni zamanda, ABŞ və Fransanın aparıcı qurumlarln (hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyəsində) ləğv edilmiş "Dağlıq Qarabağ erməniləri" nə dəstək verən çoxsaylı təşəbbüslərinə həsr olunmuş tədbirlər keçirməsi bir zəncirin halqaları olmaqla yanaşı, eyni zamanda onların sahiblərinə olan vəfa borcudur:

"Belələrindən olan konqresmen Şiff və bir sıra digər konqresmen tərəfindən 2024-cü il üçün "Artsax Gəlirlərinin Bərpası Aktının" 18 sentyabrda qəbul edilməsinə dair təklif irəli sürməsi ölmüş "Artsaxın" dirildilməsi üçün cəhd edilməsidir.

Əslində ABŞ dövlətinin siyasi xətti kimi məhz Azərbaycana lazım gəldikdə hansısa təzyiqlər etmək üçün bir qanadının, bu durumda konqresin daim bu məsələləri gündəmdə tutacağı məlum məsələdir. Bu, eyni ilə Türkiyəyə təzyiq üçün "erməni soyqırımı" məsələsini gündəmdə saxlamaq məsələsi ilə eynilik təşkil edir.

Azərbaycan bundan sonra bu faktla yaşamağı gözə almalıdır.
Hər zaman ABŞ-dan birilərinin çıxıb "Qarabağ erməniləri", "Artsax" deyə bəyanat verəcəyini gözləməlidir. Amma Azərbaycan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz ərazi suverenliyini elə ABŞ-dan gələn belə səslər fonunda bərpa edib. Ermənistan bundan sonra Azərbaycanla sülh şəraitində yaşamaq istəyirsə, özü ABŞ-dan gələn belə səsləri kəsməlidir. Əks halda bunun cəzasını Ermənistan çəkməli olacaq".

Cavid