Nazirlik: Dini radikalizmə, pozucu çağırışlara qarşı sistemli şəkildə mübarizə tədbirləri həyata keçirilir Siyasət

Nazirlik: Dini radikalizmə, pozucu çağırışlara qarşı sistemli şəkildə mübarizə tədbirləri həyata keçirilir

“Daxili İşlər Nazirliyi tərəfindən əlaqəli orqan və təşkilatlarla birgə keçirilmiş tədbirlər nəticəsində respublikanın dini durumunda sabitlik əldə edilsə də, bəzən bu sahədə qanun pozuntularına rast gəlinir”.

APA xəbər verir ki, bunu Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” adlı seminar çərçivəsində təşkil olunmuş “Dini radikalizmlə mübarizə və media” mövzusunda sessiyada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov deyib.
O bildirib ki, ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa istiqamətlənən dini radikalizmə, pozucu çağırışlara qarşı sistemli şəkildə ciddi mübarizə tədbirləri həyata keçirilir:

“Müvafiq qanunlara, Cinayət və İnzibati Xətalar məcəllələrinə dini ekstremizm və dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində əlavələr edilib ki, bu da dini ekstremist fəaliyyətə görə cinayət və inzibati məsuliyyəti, həmçinin cəza hədlərini müəyyən edir. Formasından asılı olmayaraq, radikalizmin mahiyyətində dayanan əsas ideya — öz məqsədinə nail olmaq üçün başqalarının hüquqlarını pozmaqdır. Polisin bu nöqteyi-nəzərdən fəaliyyəti də elə sözügedən tendensiyanı mənimsəyən dini kontingentin qanunsuz olaraq irəli sürdükləri məqsədlərin qarşısını almaqdan ibarətdir. “Dini etiqat azadlığı haqqında” qanunun tələblərini pozan şəxslər barəsində qanunvericiliyə uyğun tənbeh tədbirləri görülür”.