Ermənistan ərazisindən Azərbaycana qarşı təhdidlər artır Siyasət

Ermənistan ərazisindən Azərbaycana qarşı təhdidlər artır


Ermənistanın son dövrlər xarici himayədarları tərəfindən silahlandırılması vətəndaş olaraq hər birimizi narahat edir. Hər zaman kiməsə alətə olmağa can atan bu ölkəyə hərbi dəstək xoş niyyətdən, sülhə, əmin-amanlığa dəstəkdən xəbər vermir. Bu daha çox regiona soxulmaq cəhdindən, digər çox konfiqurasiyalı siyası planlardan, məkrli gedişlərdən xəbər verir.

Bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Əkrəm Bəydəmorli deyib.

O, qeyd edib ki, nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin yeddinci çağırış Milli Məclisin birinci iclasındakı çıxışında Ermənistanı silahla təchiz edən ölkələrin ikiüzlülüyü və regionda gələcək hadisələrə görə bilavasitə məsuliyyət daşıması, Ermənistan ərazisindən Azərbaycana qarşı yeni təhdid mənbələri yaratmaq cəhdlərinin yolverilməzliyi barədə bəyanatı diqqətimizi cəlb etdi:

"Gerçəkdən təhdidlər, regionda sülhə deyil, yeni müharibəyə hazırlıq prosesi reallıqdır. Fransa prezidenti Makron fındıq boyda təfəkkürü ilə fikirləşib Ermənistana atəşli sevgisindən bu ölkəni silahlandırmaq qərarına gəlməyib. Təbii ki, öz ölkəsini abad günə qoyan Makron erməni kartından istifadə edərək Cənubi Qafqaza gəlmək istəyir. Düşünürlər ki, Rusiya regiondan gec-tez gedəcək. Türkiyənin Cənubi Qafqazda mövcudluğunu qəbul etmək istəməyən həmin qüvvələr çox məkrli vasitələrlə regiona gəlməyə cəhd edirlər.

Əslində Azərbaycan nəhəng Qərb şirkətlərinin etibarlı tərəfdaşıdır. İqtisadi sferada hətta Fransanın da tanınmış şirkətləri var. Deməli, regionda çalışmaq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün sülhü təmin etmək, sabitliyi möhkəmləndirmək lazımdır. Ermənistan ərazisindən Azərbaycana qarşı təhdidlər yaratmaq, separatizmi yenidən dirçəltmək, Cənubi Qafqazı barrıt çələyinə çevirmək sülhü əlçatmaz edəcək. Nəhayət sülh imitasiyası ilə məşğul olan baş nazir N. Paşinyan dərk etməlidir ki, yeni bir müharibə Ermənistan üçün daha fəlakətli olacaq".

Cavid