“Türk xalqları arasında media əlaqələrinin gücləndirilməsi günün tələbidir” Siyasət

“Türk xalqları arasında media əlaqələrinin gücləndirilməsi günün tələbidir”

“Türk dövlətləri və bütövlükdə türk xalqları arasında media əlaqələrinin gücləndirilməsi günün tələbidir. Həm də bu, yeni bir tələb deyil, illərdir bu tələbə ciddi ehtiyac var”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında media eksperti Azər Həsrət söyləyib. O, özünün uzun illərdir bu istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib: “Şəxsən mən özüm 10 illər boyunca bu sahədə fəaliyyət göstərmişəm və bu gün də bu fəaliyyəti davam etdirirəm. Bunu nə üçün edirik? Buna haradan zərurət yaranıb? Biz əlbəttə ki, vahid kökdən gələn bir millətik, türkük, bütövlükdə türk xalqlarıyıq. Bizim ayrı-ayrı dövlətlərimiz ola bilər. Yaxud da ki, ayrı-ayrı dövlətlərin tərkibində toplu şəkildə yaşaya bilərik. Amma bu, bizim vahid millət olma duyğularımızın qarşısında əngəl deyil. Yəni xalqlarımız bir-birini daim tanımalı, əlaqədə olmalı, inteqrasiya şəraitində yaşamalıdırlar”.