“Bəyanat Kanadanın ermənipərəst simasını ortaya qoyub” Siyasət

“Bəyanat Kanadanın ermənipərəst simasını ortaya qoyub”

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində işğaslçı Ermənistanı diz çökdürməsi Kanadanın da narahatlığına səbəb olub. Bu günlərdə Kanadanın xarici işlər naziri Melani Jolinin "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan" bəyanatı bunu deməyə əsas verir. Kananda da Qərbin bir neçə ölkəsi kimi ermənipərəst simasını ortaya qoymuş oldu.

Yeri gəlmişkən onu da qeyd edək ki, Kanadanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Endryu Törner erməni aktrisa Milena Vardanyanla evlənib. Erməni mediasının yazdığına görə, cütlüyün toy mərasimi noyabrda keçiriləcək.

Azərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan" bəyanatını pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına dair şərhində bildirilib. Bildirilib ki, Kanadanın baş diplomatı "beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur: "O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir".

Ayxan Hacızadənin sözlərinə görə, Colinin "Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu" göstərir.

"Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar", – XİN-in mətbuat katibi bildirib.

Kanadalı diplomatın Qarabağdan olan "1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərmədiyini" xatırladan XİN rəsmisi "regionda humanitar böhranla bağlı iddiaların Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisi" olduğuna diqqət çəkib: "Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur". "Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil", – o əlavə edib.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, beynəlxalq hüququn prinsiplərinə hörmət etməyən və ermənipərəstliyi beynəlxalq hüquqdan, ədalətdən üstün tutan ölkələrdən biri də Kanadadır. Bu ölkənin xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də verdiyi növbəti ermənipərəst bəyanat da qeyd etdiyimiz fikri təsdiqləyir. Başdan ayağa manipulyasiya və faktları təhrif etmək üzərində qurulan sözügedən bəyanat Kanada dövlətinin hazırkı mənəvi-siyasi deqradasiya durumunu və nazirin özünün saxtakar, yalançı simasını əyani göstərir. Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və vandalizm barədə susan Kanada hökuməti ötən ilin 19-20 sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam surətdə bərpa etməsi ilə heç cürə barışa bilmir. Kanadalı nazir Dövlət Suverenliyi Günündə Azərbaycanı təbrik etmək əvəzinə, erməni yalanlarının dəstəkçisi kimi çıxış edir, antiterror tədbirlərinin mahiyyətini təhrif edən qərəzli erməni təbliğatına qoşulur: “Kanadalı nazir peşəkar diplomat və vicdanlı insan olsaydı, keçən ilin sentyabrında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürmək əvəzinə, öncə 44 günlük İkinci Qarabağ müharibəsinin nədən baş verməsinin və lokal antiterror tədbirlərinin hansı zərurətdən keçirilməsinin gerçək səbəblərini öyrənər, 30 illik münaqişənin və son dörd ildəki hadisələrin kökündə bilavasitə Ermənistanın işğalçılıq siyasətinin və Qarabağdakı erməni separatizminin dayandığını etiraf edərdi. Lakin bütün ermənipərəstlər kimi Melani Joli də ənənəvi yolla hərəkət etməyi seçərək Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatla çıxış edib. Kanadalı nazirin bəyanatı bir daha onu göstərir ki, Qərb siyasətçilərinə həqiqət lazım deyil. Məhz bunun nəticəsidir ki, Melani Joli heç bir mənəvi narahatlıq hissi keçirmədən, belə asanlıqla Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda separatizmi körükləməyə xidmət edən mövqe nümayiş etdirir”.

Ə.Hüseynov vurğulayıb ki, Ermənistanın işğalçı siyasətinin 1 milyon azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmasına və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verilməməsinə göz yuman Kanadanın baş diplomatı separatçı və terrorçu ermənilərin “vəkil”i rolunda çıxış edir. Bu, Kanadanın qeyri-insani, anti-bəşəri dəyərlərə söykənən ədalətsiz bir dövlət olduğunu göstərir. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd mövqe sərgiləmək və suveren Azərbaycanın ərazi bütövlüyünə hörmət etməmək Kanada üçün rəzalətdir. Erməni lobbisinə xidmət edən Melani Coli Kanadanın maraqlarına zərbə vurur.

Cavid