Türk dövlətləri arasında media əlaqələri: perspektivlər nədən ibarətdir? Siyasət

Türk dövlətləri arasında media əlaqələri: perspektivlər nədən ibarətdir?

Türk dünyasının birliyi, xalqlarımızın daha sıx inteqrasiyası üçün ciddi addımlar atılır. Xüsusilə Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti ciddi perspektivlər yaradır. Türk dövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan mərkəz rolunu oynayır, təşəbbüslər irəli sürür və nəticə olaraq bu istiqamətdə effektiv addımlar atılır. Əlbəttə, daha ciddi nəticələrin əldə olunması üçün medianın rolu danılmazdır.

Türk dövlətləri arasında media əlaqələrinin gücləndirilməsi bu dövlətlər arasında hər bir sahədə bağların daha da möhkəmlənməsinə xidmət edir. Bəs bu əlaqələr hansı səviyyədədir, bu yöndə hansı işlər görülür, nə kimi addımlar atılır? Mövzu ətrafında media ekspertləri, jurnalistlər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər

Günün tələbi

Bayraqdar Medianın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət qeyd edib ki, Türk xalqları arasında media əlaqələrinin gücləndirilməsi günün tələbidir: “Türk dövlətləri və bütövlükdə türk xalqları arasında media əlaqələrinin gücləndirilməsi vacib amildir. Həm də bu yeni bir tələb deyil, illərdir buna ciddi ehtiyac var”. O, özünün uzun illərdir bu istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib: “Şəxsən mən özüm 10 illər boyunca bu sahədə fəaliyyət göstərmişəm və bu gün də bu fəaliyyəti davam etdirirəm. Bunu nə üçün edirik? Buna haradan zərurət yaranıb? Biz əlbəttə ki, vahid kökdən gələn bir millətik, türkük, bütövlükdə türk xalqlarıyıq. Bizim ayrı-ayrı dövlətlərimiz ola bilər. Yaxud da ki, ayrı-ayrı dövlətlərin tərkibində toplu şəkildə yaşaya bilərik. Amma bu, bizim vahid millət olma duyğularımızın qarşısında əngəl deyil. Yəni xalqlarımız bir-birini daim tanımalı, əlaqədə olmalı, inteqrasiya şəraitində yaşamalıdırlar”.

“Hələ çox iş görülməlidir”

O, Azərbaycan mediasının türk dövlətlərinin mediası arasında intensiv münasibətlərin qurulmasında maraqlı olduğunu vurğulayıb: “Media əlbəttə ki, bu yöndə daha çox iş görə biləcək mexnizm olduğundan biz media əlaqələrinin gücləndirilməsini, irəli aparılmasını daha məqsədəuyğun sayırıq. Yəni ona görə də Azərbaycan mediası ilə digər türk dövlətlərinin mediası arasında intensiv münasibətlərin qurulmasında maraqlıyıq. Bəzi media qurumlarımız bunu bacarıblar, edirlər. Bəziləri isə bu yöndə hələki çox işlər görməlidirlər”.

Azər Həsrət əlavə edib ki, iş görmək istəyənlərə də şəxsən mən illərdir öz tövsiyələrimi verirəm, istiqamət göstərirəm, dəstək olmağa çalışıram.

“Bu əlaqələr zaman-zaman ortaya çıxır”

Modern.az-ın baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Elşad Eyvazlı Türk dövlətləri arasında media əlaqələrinin gücləndirilməsinin çox vacibliyini bildirərək iqtisadi, mədəni, hərbi, sosial, təhsil və digər bu əlaqələri kütləviləşdirən, cəmiyyətləşdirən məhz media qurumlarının olduğunu söyləyib. Elşad Eyvazlı o səbəbdən də Türk dövlətləri arasında öncə media qurumlarının əlaqələrinin gücləndirilməli olduğunu vurğulayıb: “Bu əlaqələr zaman-zaman ortaya çıxır, fərqli şəkildə bu əlaqələrlə bağlı fərqli fikirlər səsləndirilir. Amma mütləqdir ki, türk dövlətlərinin media qurumları ilə əlaqələri gücləndirilsin”.

“Bunun fərqli formaları var”

O eləcə də bu əlaqələrin rəsmi media qurumları ilə gücləndirilməsinin mümkün olmadığını diqqətə çatdırıb: “Çünki burada əsas aparıcı qüvvə müstəqil media qurumlarıdır. Onlar özlərini ifadə etmək, cəmiyyəti ifadə etmək imkanındadırlar. Dünyanın hər yerində rəsmi mətbuat orqanları yalnız dövlətin istəkləri ilə bağlı hərəkət edirlər, amma müstəqil media qurumları belə deyillər. Mütləq və mütləq bir şəkildə müstəqil media qurumları hər gün, hər dəqiqə, hər saniyə təmasda olmalıdırlar. Fərqli üsullarla ola bilər. Bu bir televiziya da ola bilər, bir agentlik də ola bilər və s. Bunun fərqli formaları var”.

“Jurnalistlər bir-birini tanımalıdırlar”

E.Eyvazlı onu da bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin jurnalistləri bir-birilərini kifayət qədər tanımalıdırlar: “Elə etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrin jurnalistləri bir-birilərini kifayət qədər tanısınlar. Sual ola bilər ki, tanımırlar? Tanıyırlar, amma yetərli deyil . Yəni bu məsələlərdən bir az xəbəri olan, Türk Dövlətləri Təşkilatlarına üzv olan ölkələrin hər birinin jurnalistlərinin xeyli hissəsini tanıyan biri olaraq mən bunu iddia edirəm ki, mütləq şəkildə bu olmalıdır”.

“Bütün türk dövlətlərinin istəyi olmalıdır”

Əməkdar jurnalist həmçinin bu məsələdə bütün ölkələrin istəkli olmasının vacibliyinə toxunub: “Bu məsələdə yalnız bir tərəfin istəyi deyil, bütün türk dövlətlərinin istəyi olmalıdır. İstəyi olmayan ölkələri də bu müstəviyə gətirmək lazımdır. Bildirim ki, bütün sahələrdə əlaqələr əladır, amma onları ictimailəşdirən media qurumlarıdır. Məsələn, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin tutaq ki, iqtisadi bir qurumu var. Bu iqtisadi qurumun toplantısı keçiriləndən-keçirilənə medianı ora dəvət edib hər hansı bir məlumat verməklə məsələ həllini tapa bilməyəcək, tam tərsinə olacaq. Bunun ən yaxşı yolu o məsələni həmin cəmiyyətlərin, jurnalistlərin müzakirəsinə verməkdən ibarətdir. Mənə görə bu gün Türk Dövlətləri Təşkilatlarına üzv olan ölkələrin daha yaxınlaşması, bir-biri ilə daha da sıxlaşması üçün medianın dəstəyinə, gücünə, fəaliyyətinə böyük ehtiyac var”.

“Hər hansı bir qurum da yaradıla bilər”

O, bu istiqamətdə təklif irəli sürərək bu istiqamətdə hər hansısa bir qurumun da yaradıla biləcəyini deyib: “Türk dövlətləri arasında media əlaqələrinin gücləndirilməsi üçün bir qurum da yaradıla bilər. Türk Dövlətləri Təşkilatlarına üzv olan ölkələrin cəmiyyətlərini bu məsələyə cəlb etmək lazımdır. Bununla da Türk Dövlətləri Təşkilatlarına üzv olan ölkələrin mediası bir yerdə olmalıdır. Hətta Türk Dövlətləri Təşkilatlarına üzv olan ölkələrin hər birində Jurnalistika fakültəsi var. Bu fakültənin tələbələrinin mütəmadi yerdəyişməsi ola bilər, sonra təlimlərin keçirilməsi, təkcə tələbələr deyil, jurnalistlərin özlərinin də buna cəlb etmək olar. Məsələn, azərbaycanlı jurnalistin Qazaxıstanda 1 ay çalışması, qazaxıstanlı jurnalistin Azərbaycanda işləməsi və s”.

E.Eyvazlı sonda vurğulayıb ki, bu sadalananları bütün türk dövlətlərinə şamil etdikdə artıq vahid media platformasının nəticəsini görə bilmək mümkün olar.

Röya İsrafilova