Azərbaycan dövlətinin siyasi xətti bəllidir Siyasət

Azərbaycan dövlətinin siyasi xətti bəllidir

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın siyasi və iqtisadi arenada mövcud olan çəkisi onun daxili və xarici arenada stabilliyindən birbaşa qaynaqlanır. Azərbaycan dövlətinin əldə etdiyi uğurların mənbəyi də stabillik faktordur. Azərbaycan bu duruma gəlmək üçün uzun və məşəqqətli yollardan keçdi, çox itkilər verdi. Müstəqillik dövrünün ilk günlərindən ölkə daxili daxili mübarizə meydanına çevrilməklə yanaşı torpaqları işğala məruz qaldı. Ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edildi. 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Azərbaycan dövləti bu günlərə gəlmək üçün həm işğalın nəticələri ilə baş etmək, torpaqlarından didərgin düşən insanlara yaşayış yerləri inşa etmək, onların gündəlik yaşayış tələbatlarını ödəməklə yanaşı ölkənin iqtisadiyyatını dirçəltməklə başladı. Azərbaycan xalqı bu gərgin durumda məcburi reallıqlarla yaşamağa məhkum oldu və hər zaman dövlətinin yanında oldu. İlk olaraq Azərbaycanın təbii enerji ehtiyatlarının istismarı üçün Qərb şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan kontrakt imzalandı. Azərbaycan bu kontraktlardakı şirkətlərlə pay bölgüsü etməklə regional və beynəlxalq aktorları təmsil edən ölkələrin balansını yaratdı. İllər keçdikcə Azərbaycan dövləti güclənməyə başladı. Dünya birliyi isə Azərbaycan ərazilərinin işğal faktına, eyni zamanda, milyondan çox insanın taleyinə biganə qalmağa davam etdi. BMT-nin Ermənistanın işğal etdiyi əraziləri geri qaytarmasına dair görd qətnaməsi icra edilməmiş qaldı. Nə Ermənistan, nə dünya birliyi bu qərarların həyata keçirilməsinə ciddi yanaşdı. Beləcə on illər keçdi. Azərbaycan tədricən iqtisadi gücünü artırmaqla yanaşı hərbi gücünü də artırmaqla məşğul oldu. Güclü ordu yaratdı. Hərbi sənaye kompleksi qura bildi. Dost və müttəfiq ölkələrlə hərbi əlaqələrini gücləndirdi. Hərbi sahədə inkişafla yanaşı Azərbaycan siyasi arenada da boş dayanmadı. Əvvəlcə Azərbaycan siyasi xəttini bəlli etdi. O, Qoşulmama Hərəkatının aktiv üzvlərindən, hətta liderlərindən birinə çevrildi. Bu siyasi xəttin Azərbaycana Qərblə Avrasiya arasında neytral mövqe tutmağa imkan yaratdı. Bütün qütblərə eyni səviyyəli işlər aparıldı. Və, nəhayət o gün gəldi ki, Azərbaycan işğal olunmuş torpaqlarının azad olunmasına qərar verdi. 2020-ci il 27 sentyabr günü Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçdi. 44 gün davam edən genişmiqyaslı müharibə nəticəsində şanlı ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, qanı və canı bahasına işğal edilmiş torpaqların böyük hissəsi işğaldan azad edildi. 2020-ci il 9 noyabrında Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atdı və öz üzərinə öhdəliklər götürdü. Amma hələ Qarabağda yuvalanmış separatçı rejim mövcudiyyətini sürdürüdü. Bu proses 3 ilə yaxın davam etdi. 2023-cü 19 sentyabrında separatçı rejimin əsgərləri tərəfindən törədilmiş iki terror aktından sonra Azərbaycan ordusu yenidən hərəkətə keçdi və 24 saatdan da az bir müddətdə erməni ordusunu yenidən məğlub etdi. Artıq ermənilər Qarabağı tərk etməyə məcbur oldular. Beləliklə Azərbaycan son iki yüz ildə torpaqlarını itirən ölkə durumundan onu geri alan ölkə durumuna gəldi. Öz ərazisində suverenliyini bərpa etdi. Artıq 20 sentyabr Azərbaycanda dövlət suverenliyinin bərpası günü kimi qeyd edilir. Qeyd edilən qısa xronologiya Azərbaycan dövlətinin son 30 ildən çox zaman ərzində nə kimi siyasi və hərbi yol keçdiyini göstərir. Bunların qeyd edilməsində məqsəd Azərbaycan dövlətinin əldə edəcəyi bu uğurlara gəlmək üçün yürütdüyü daxili siyasətinin mahiyyətini açmaq üçün idi. Məsələ ondadır ki, uzun illər Azərbaycan xalqı məcburi olaraq məhrumiyyətlər içərisində yaşamağa məhkum edilməsində rol oynayan işğal faktının nəticələri ilə baş-başa qaldıqda ölkə daxilində yaranan etiraz və narazılıqlar daha çox şəxsi maraqlar üçün yox, işğalçının cəzalandırımasının gecikməsi səbəbindən idi. Bu da Azərbaycan xalqının milli və mənəvi dəyərlərindən irəli gəlirdi. Artıq Azərbaycan xalqı istəyinə çatıb. Həm daxili, həm də xarici auditoriyada başı uca gəzə bilir. Ölkə daxilindəki stabillik bunu təmin edir. Bu stabilliyin əsas mənbəyi isə qeyd etmək lazımdır ki, iqtidarın yürütdüyü doğru daxili və xarici siyasət olub.

Daxili siyasət amilinin əsas yerlərindən birini tutan qanunverici orqan Milli Məclis isə bu proseslərdə öz rolunu həmişə oynayıb. Müstəqilliyimizin ilk günlərindən proseslər Milli Məclisin ətrafında baş verib. Millət vəkillərinin rolu Azərbaycanın taleyinin müəyyən edilməsində mühüm faktor olub. Bu proseslər də xüsusən çətin keçib. Bu baxımdan Milli Məclis seçkilərinin keçirilməsi və kimlərin bu məclisdə təmsil olunması da mübahisə predmeti olub. Razı və narazı tərəflər həmişə olub. Amma gəlinən nəticə onu göstərir ki, millət vəkili kürsüsündə oturan insanlar dövlət və xalq qarşısında öz siyasi vəzifələrini hər zaman anlayıblar. Dövlətin inkişafında öz rollarını doğru başa düşüblər. Azərbaycan dövləti artıq yeddi çağırış Milli Məclisə öz deputatlarını seçib.

Son növbədənkənar seçimlər 1 sentyabrda baş tutdu və Konstitusiya Məhkəməsinin nəticələri təsdiq etməsi ilə 125 Millət vəkili öz fəaliyyətlərinə başladılar.

Milli Məclisin ilk günündə dövlət başçısı İlham Əliyev deputatlara ənənəvi müraciətlə çıxış etdi. Prezıdentın çıxışında bir çox məsələlərə toxunuldu. Çıxışın əsas hissəsi isə təhlükəsizlik və ordu quruculuğu, ordunun gücünün artırılması ilə əlaqəli oldu ki, bu da təbii idi. Müstəqiı Azərbaycanın keçdiyi yol ilk növbədə təhlükəsizlik məsələsinin prioritet məsələ kimi qəbul edilməsini tələb edir. Təhlükəsizlik məsələsi isə ordunun və təhlükəsizlik orqanlarının gücləndirilməsindən keçir. Azərbaycan dövləti nə qədər də sülhdən danışsa və məğlub etdiyi Ermənistanla belə bərabər hüquqlu tərəf kimi danışıqlar masasında sülh müqaviləsinin üzərində işləsə də, hərbi gücünün yüksək səviyyədə olmasının vacibliyini anlayır. Bundan narahat olan daxili və xarici qüvvələr öz narahatlıqlarını gizlətmirlər. Amma bu bir reallıqdır ki, kim güclüdürsə, onun sözü daha çox eşidilir. Cənab Prezident də çıxışında buna vurğu etdi.

Quru sərhədlərinin bağlı qalması məsələsi ölkə ictimaiyyətini hər zaman narahat edib. Prezident bunun nə qədər vacib olduğunu və Azərbaycanı bir çox bəlalardan xilas etdiyini qeyd etməklə gizli məqamlara vurğu etdi. Ölkə ictimaiyyətinin bilmədiyi gerçəkliklərin olduğunu eşitdirdi. İndinin özündə də ölkə sərhədlərində, həm də tək Ermənistanla sərhəddə deyil, təhlükənin olması vurğulandı. Bunun ölkə ictimaiyyətinə geniş şəkildə bildirilməsinə ehtiyac olmadığının kökündə böyük ölçüdə ölkə daxilində gərginlik yaratmaq istəyən güclərin planlarının məhv edilməsi ilə əlaqədardır. Beynəlxalq tədbirlər, xüsusən də, COP29 kimi mötəbər tədbir öncəsi belə təxribatlar gözlənilən idi. Bu baxımdan da həmin qüvvələrə qarşı aparılan tədbirlərin geniş işıqlandırılmasının özü elə həmin qüvvələr tərəfindən, əslində əks təbliğata hesablanıb. Bunun bəyan edilməsi əvvəla onların reklam edilməsi, sonra isə ölkə daxilində potensial təhlükənin mövcudluğunun elanı deməkdir. Amma Cənab Prezident çıxışından da göründüyü kimi bu kimi təhlükələrə qarşı Azərbaycan təhlükəsizlik orqanlarının qüvvələri həmişə hazır vəziyyətdədir və onların öhdəsindən layiqincə gəlinir.

Cənab Prezident işğaldan azad olunmuş ərazilərin bərpası və insanların Qarabağ və Şərqi Zəngəzura köçürülməsi üçün aparılan işlərlə bağlı bir sıra statistik göstəricilər bəyan etdi. O, qeyd etdi ki, 2024-cü ilin sonuna kimi 19 milyard manat bu işlərə xərclənəcək. 8 mindən çox məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura yerləşib. Aparılan quruculuq işlərindən danışan Prezident qeyd etdi ki, 3 min km avtomobil yolu inşa edilib.

Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur ki, bu tunellərin uzunluğu 70 km-dir. 450 körpünün tikintisi, 2 benəlxalq hava limanı, dəmir yolları istifadəyə verilib. 3 il ərzində 270 MVt gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu prosesi davam edir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər tikilir.

Mədəni-maddi irsimizin qorunması üçün mədəni abidələrin bərpası zamanı 7 məscid yenidən qurulub, 8 məscidin inşası davam edir, zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları salınıb.

Prezident İlham Əliyev xüsusi vurğuladı ki, biz, hər şeyi öz hesabımıza edirik. Özbəkistan, Qazaxıstan və Qırğızıstan məktəb, uşaqların yaradıcılıq mərkəzi inşa edib. Bundan başqa bizə heç kim kömək etmir. Nə ediriksə öz gücümüzə edirik. Hesab edirəm ki, bu mesajını verilməsi həm yaxın, həm də uzaq dostlarımızadır.

Ölkə iqtisadiyyatının durumunu qeyd edən Prezident 8 ayda iqtisadiyyatın 4 faiz artığını qeyd etdi. Bu artım qeyri-neft sektorunda 7 faiz olub. Xarici borcun ümumdaxili məhsula nisbətdə cəmi 7,5 faizini təşkil edib ki, bu da 5,3 milyard dollar təşkil edir.

2018-ci ildən bu yana 4 sosial islahatlar paket həyata keçirilib ki, bunun da məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edib. Son 5 il ərzində minimum əmək haqqı Azərbaycanda 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Yeni istehsalat sahələri açılır. Kəlbəcərdə "İsti su" istehsalı zavodunun açılışını Prezident xüsusi qeyd edib.

Prezident Ermənistanla sülh müqaviləsi barədə də qeyd edib ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməsi mütləqdir və ATƏT-in "Minsk qrupu" ləğv edilməlidir, çünki artıq "Qarabağ problemi" deyilən problem yoxdur. Bununla yanaşı Avropa və Qərbin sülh çağırışları etməklə yanaşı Ermənistanı silahlandırması məsələsinə toxunan Prezident qeyd edib ki, "Avropa sülh fondu" Ermənistana 250 milyon dollar pul verir. Silah üçün nəzərdə tutulan fonda sülh fondu deyirlər. Ermənistan Fransadan pulsuz silah alır.

Cənab Prezident bir daha vurğulayıb ki, Azərbaycan Ermənistanın üzdə sülh çağırışları etməsinə baxmayaraq silahlanma bə revanşist əməllərinə biganə qalmayacaq.

Prezident İlham Əliyev son olaraq qeyd edib ki: "Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, - deyən dövlət başçısı belə cəhdlər olduğunu və olacağını bildirib. Deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq."

Göründüyü kimi Azərbaycan Prezidenti İlham Əliyev bu çıxışında bütün qaranlıq qalan məqamlara işıq salıb. Hesab edirəm ki, verilən mesajlar istər dost, istərsə də bizə özünü dost hesab etməyən ölkə və qüvvələrə lazımı qədər çatdırılıb. Azərbaycan dövlətinin siyasi xətti bəllidir. Bunu qəbul etmək, ya etməmək həmin ölkələrin öz işidir. Amma Azərbaycanın bundan sonra da öz yolu ilə daim irəli gedəcəyi şübhəsizdir.

Azər Qasımov

Politoloq, ƏHD Partiyası İdarə Heyətinin üzvü