ABŞ-nin “ləyaqət” davası Siyasət

ABŞ-nin “ləyaqət” davası

ABŞ-ın hazırkı vitse-prezidenti, demokratların prezidentliyə namizədi Kamala Harrisinin seçki qərargahından Ermənistanın müstəqillik günü münasibətilə verilən açıqlamada “Dağlıq Qarabağ”dan köçən ermənilərin öz evlərinə geri qayıdış haqqı erməni xalqının ləyaqəti və regionun sabitliyi üçün çox önəmli faktor kimi təqdim olunub.

Əvvəlcə qeyd edək ki, Erməni lobbisinin ən güclü fəaliyyət göstərdiyi ölkələrin başında ABŞ gəlir. Burada fəaliyyət göstərən Amerika Erməniləri Milli Komitəsi dünya erməni lobbisinin mərkəzi qərargahı və tezis mərkəzi rolunda çıxış edir. Amerika Erməniləri Milli Komitəsi “Böyük Ermənistan” xəstə ideologiyasının yayılmasında və bu istiqamətdə ideoloji müstəvidə iş aparılmasında, həmçinin erməni separatizminin maliyyələşməsində başlıca rol oynayır. Çox təssüf ki, bu təşkilat xüsusilə ABŞ-dəki seçkilərdə aktiv fəaliyyət göstərir, namizədlərlə birbaşa iş aparır, onların seçki kampaniyasının maliyyələşməsində rol oynayırlar. Təbii ki, öz maraqları kontekstində...

Namizədlər də erməni lobbisindən həm maliyyə dəstəyi almaq, həm də ermənilərin səslərini qazanmaq üçün onlarla işbirliyinə gedir və onlara xoş görünmək üçün ədalətsiz yanaşma sərgiləyirlər. Neçə ki, Harrisin “Dağlıq Qarabağ”dan olan ermənilərlə bağlı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliyi özündə ehtiva edən qərəzli açıqlamasında bu elementləri müşahidə edirik.

Hazırki ABŞ hökuməti dünyanın müxtəlif nöqtələrində müharibələrə rəvac verilməsi, geosiyasi vəziyyətin pisləşməsi və Birləşmiş Ştatlarda sosial siyasətin həyata keçirilməsi ilə bağlı uğursuz addımlar atıb. Əlbəttə bu, ölkə ictimaiyyətinin hökumətə qarşı kəskin narazılıqlarının artmasına gətirib çıxarıb. Eyni zamanda Bayden administrasiyasının qeyri-adekvat xarici siyasətinin nəticəsində ABŞ-nin nüfuzunun daha da zədələnməsi və Birləşmiş Ştatlara olan etimadın sarsılması, ona qarşı ciddi ittifaqların təməllərinin atılmasına səbəb olub. Xüsusilə İsrail-Həmas, İsrail-Hizbullah gərginliyi ilə bağlı effektiv tədbirlər görə bilməyən demokratların namizədinin reytinqi ciddi şəkildə aşağı düşüb.

Bu səbəbdən də demokrtatlar Trampla yarışda uduzmaması üçün bütün yollara əl atır. Bunlardan biri də erməni lobbisinin imkanlarından yararlanmaqdır.

Eyni zamanda ABŞ-nin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı öz yanaşması da zaman-zaman ədalətsizliklə yadda qalıb. Daim işğalçılara dəstək verilib, Azərbaycan torpaqlarının işğalı görməzdən gəlinib.

Digər tərəfdən qələbədən sonra ABŞ tərəfindən Azərbaycana edilən təzyiqlər heç bir nəticə vermədi. Azərbaycan prioritetlərindən geri çəkilmədi və öz maraqlarını əsas tutaraq prinsipiallıq nümayiş etdirdi. Belə olan təqdirdə isə Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etməyə çalışan ABŞ Ermənistandan alət kimi istifadə etməyə çalşışır. Beləliklə də bu tipli açıqlamalarla həm erməni lobbisinin dəstəyini əldə edir, həm də öz siyasi ambisiyalarını reallaşdırmağa çalışır.

Əlbəttə, Harrisin bu mövzuya toxunması onu göstərir ki, ABŞ-dəki erməni lobbisi Vaşinqtonda bu məsələ ilə bağlı ciddi iş aparır.

Digər bir məsələ isə son zamanlar Bayden başda olmaqla ABŞ rəsmilərinin tez-tez “ləyaqətli sülh” ifadəsinə toxunmasıdır. İndi də “ermənilərin ləyaqətli qayıdışı”nan söz açılır. Bununla isə on onu demək istəyirlər ki, guya Azərbaycan Ermənistan üzərində əldə etdiyi qələbədən, hərbi və diplomatik üstünlükdən istifadə edərək əzici mövqe sərgiləyir. Halbuki uzun illər Azərbaycan torpaları Ermənistanın işğalı altında qalıb, Azərbaycana yüz milyardlarla dollar zərər vurulub, tarixi abidələrimiz müxtəlif dövlət obyektləri və vətəndaşların mülkləri talan edilib. Qərbi Azərbaycandan olan soydaşlarımız Ermənistan tərəfindən deportasiya edilib. O zaman isə ləyaqətli sülh, yaxud azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətli şəkildə qayıtması ABŞ-nin yadına düşmürdü...

Ümumiyyətlə Suriya, İraq, Liviya və dünyanın müxtəlif bölgələrində ABŞ-nin törətdiyi əməllər onu deməyə əsas verir ki, bu dövlət dünya ölkələri sırasında ləyaqətdən danışacaq son ölkədir...

Əli Zülfüqaroğlu