Hərbi ekspert: JF-17 kimi təyyarələrin alınması Azərbaycanı regionda ən güclü HHQ-nə malik ölkəyə çevirir Siyasət

Hərbi ekspert: JF-17 kimi təyyarələrin alınması Azərbaycanı regionda ən güclü HHQ-nə malik ölkəyə çevirir

“Artıq beşinci dəfədir, ADEX sərgisinə ev sahibliyi edirik və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində müdafiə sənayemizin ildən-ilə sürətlə inkişaf etdirdiyini görürük”.

Bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.

Şair Ramaldanov deyib ki, Prezident İlham Əliyev Milli Məclisin VII çağırışının ilk iclasında çıxışında da müdafiə sənayesinin inkişafının xüsusi diqqətdə saxlanılacağını vurğulayıb: “ADEX-2024 sərgisi artıq özəl şirkətlərin də müdafiə sənayesində aktiv iştirakını göstərdi. Sərginin ziyarətçisi kimi deyərdim ki, həm Azərbaycanın sərgiyə ev sahibliyi etməsini, həm də Azərbaycana məxsus pavilyonda hərbi təyinatlı məhsulları görəndə adam qürur hissi keçirməyə bilməz. Bu, ilk olaraq, Azərbaycanın gücünün, qüdrətinin, elmi potensialının, iqtisadiyyatının inkişafının göstəricisidir. Bu gün dünyada müdafiə sənayesinin inkişafına nail olan ölkələrin sayı çox azdır. Azərbaycanın müdafiə sənayesində idxal coğrafiyası da ildən-ilə genişlənir. Azərbaycanın müdafiə sənayesi tərəfindən istehsal olunmuş texnika, silah demək olar ki, dünyada tanınmış hərbi sənaye komplekslərinin də diqqətini cəlb edir. Ümumiyyətlə, sərgi hərbi sənaye kompleksinin inkişafına təkan verən faktordur. Böyük dövlətlər - Rusiya, Çin, qardaş Türkiyə, Pakistan, o cümlədən inkişaf etmiş hərbi sənaye kompleksi olan İsrail və bunlarla da bərabər 40-a qədər ölkənin Azərbaycanın keçirdiyi sərgidə iştirakı bir daha ölkəmizin müdafiə sənayesinin nüfuzunun göstəricisidir. Azərbaycanın müdafiə sənayesində istehsal olunan silah, texnika və digər hərbi təyinatlı avadanlığın Vətən müharibəsində qələbəmizdə də özünəməxsus yeri var. Prezidentin səyi nəticəsində hərbi təyinatlı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin sayı getdikcə artmaqdadır. Bu müəssisələr müasir avadanlıqlarla təmin olunur. Prezident daim bu sahəyə diqqət yetirir. Bundan sonra da müdafiə sənayemizin genişlənməsinin, yeni müəssisələrin açılmasının şahidi olacağıq. Müdafiə sənayemizin inkişafı, təqdim olunan məhsulların çeşidinin artırılması da bilavasitə Azərbaycanın inkişafının göstəricisidir. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda silah bazarında müəyyən boşluq yaranıb. Təbii ki, silahlara tələbat artıb. Azərbaycanın bu sahəni vaxtında inkişaf etdirməsi Prezidentin uzaqgörənliyindən xəbər verir. Azərbaycanın müasir tələblərə cavab verən, keyfiyyətlə hazırlanan məhsulları hər zaman diqqət mərkəzində olacaq. Düşünürəm ki, Azərbaycanın idxal coğrafiyası bu sərgidən sonra daha da genişlənəcək. Prezidentin də dediyi kimi, artıq müdafiə sənayesi sahəsi Azərbaycanda gəlir gətirən sənaye sahəsinə çevrilib. Özəl sektorun da burada iştirakı bu gəlir imkanlarını daha da artıracaq, Azərbaycanı daha müstəqil, daha güclü, daha qüdrətli ölkəyə çevirəcək”.

Hərbi ekspert qeyd edib ki, bu sahə ilə əlaqədar kadrlar həm Azərbaycan Texniki Universitetdə hazırlanır, həm də hərbi sənaye kompleksi inkişaf etmiş digər ölkələrdə təcrübə qazanaraq, Azərbaycana o təcrübələrini gətirirlər: “Bütün bu amillər və Azərbaycanın iqtisadi gücü onu göstərdi ki, artıq ölkədə müasir tələblərə cavab verən məhsul istehsal olunur, bu, başqa ölkələrin Azərbaycana diqqətini daha çox artırır. Prezident İlham Əliyevin, Ali Baş komandan olaraq sərginin açılışında iştirakı da sərginin əhəmiyyətini bir daha göstərdi. O cümlədən Azərbaycan digər ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində böyük işlər həyata keçirir. Çox diqqətçəkən məqamlardan biri hərbi texniki sahədə dost Pakistanla bizim münasibətlərin daha da inkişaf etməsidir”.

Şair Ramaldanov vurğulayıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycana mənəvi cəhətdən dəstək verən Pakistanın rolunu müharibədən sonra öz çıxışlarında vurğulayıb: “Bu gün Pakistandan alınan JF-17 döyüş təyyarəsi Azərbaycanın Hərbi Hava Qüvvələrinin sərəncamına verilib. Bu təyyarə 4+ nəslə aiddir və F-16 təyyarəsindən daha üstün göstəricilərə malikdir. Böyük atəş gücü olan JF-17 istənilən dərinlikdə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir. Bu və digər silahların, hərbi texnikanın alınması Azərbaycanı həm də regionda ən güclü Hərbi Hava Qüvvələrinə malik ölkəyə çevrilməsini şərtləndirir”.

Şair Ramaldanov