Politoloq: Ermənistan təzminat əvəzinə Azərbaycana ərazi verilməsini təklif edə bilər Siyasət

Politoloq: Ermənistan təzminat əvəzinə Azərbaycana ərazi verilməsini təklif edə bilər

“Ermənistandan təzminat tələbi üçün hüquqi addımlar atılmalıdır”.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Politoloq deyib ki, 2020-ci ildən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlət büdcəsindən xeyli miqdarda yaxın vəsait ayrılıb: “Bizim Qarabağ və Şərqi Zəngəzura ayırdığımız vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Başqa sözlə ifadə etsək, Ermənistan dövlətinin 30 illik işğal dövründə Azərbaycana vurduğu ziyanın həcmi o qədər böyükdür ki, İrəvan onu ödəmək üçün ən qiymətli sərvətlərini belə satışa qoysa, kifayət etmir. Amma bu o demək deyil ki, biz Ermənistana güzəştə getməliyik, düşünürəm ki, təzminatın alınması üçün hüquqi müstəvidə işlərə başlanılmalıdır”.

Ramiz Alıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğal olunduğu və həmin ərazilərin Azərbaycanın suverenliyində olması beynəlxalq hüquq tərəfindən tanınıb: “Beynəlxalq məhkəmədə cavabdeh tərəfin Ermənistan olduğunu sübut etmək çətin olmayacaq. Çünki Ermənistanın həm indiki, həm də əvvəlki hökumətləri də qeyd olunan ərazilərin Azərbaycana məxsusluğunu etiraf ediblər. Danışıqlar prosesində işğal edilmiş rayonların qaytarılması təklifi müzakirə edilirdi. Təzminatın müəyyən edilməsi üçün beynəlxalq qiymətləndirici şirkətlər Qarabağa dəvət olunmalı, ərazilərdə monitorinq aparılmalı və yekun məbləğ müəyyən olunmalıdır. Bəlkə də, dövlətimiz bu işə artıq start verib. Başqa bir ölkə tərəfindən vətənimizə, xalqımıza vurulmuş zərərə görə beynəlxalq məhkəməyə müraciət ünvanlanmalı, təzminat tələb olunmalıdır. Beynəlxalq hüquq hər hansı dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməsini nəzərdə tutur. Beynəlxalq Ədalət Məhkəməsində bununla bağlı presedent də mövcuddur. BMT-nin Körfəz müharibəsindən sonra İraq tərəfindən Küveytə vurulan ziyanın ödənilməsini nəzərdə tutan 687 saylı qətnaməsi var. BMT-nin Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsait İraq dövləti tərəfindən hissə-hissə ödənildi. Düşünürəm ki, ərazilərimizə kobud hərbi müdaxilə edərək, beynəlxalq hüququn fundamental prinsiplərini pozan və beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktı törədən Ermənistanın üzərinə oxşar öhdəliklər qoyulacaq”.

Ramiz Alıyev nəzərə çatdırıb ki, Ermənistanın Azərbaycana vurduğu ziyanı görmək üçün foto və video görüntülər, Qarabağ və Şərqi Zəngəzura səfərlər kifayətdir: “İşğaldan öncəki görüntülərlə sonrakı görüntüləri müqayisə etdikdə hər şey gün işığına çıxır. Şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri, hətta qəbirlər yerlə-yeksan edilib. Heç faşist Almaniyası işğal etdiyi ərazilərdə bu cür vandal hərəkətlərə yol vermirdi. Ermənilərdən fərqli olaraq Hitler Almaniyası işğal etdiyi ölkələrdə, şəhərlərdə əhalini kütləvi qırğına məruz qoymurdu, evləri yandırmırdı, hətta onlar yerli əhali üçün konsertlər də təşkil edirdilər. Ermənilər faşistlərdən də betər qaniçən olublar. Beynəlxalq hüquq işğalçı dövlətin nəzarəti altında yerləşən ərazilərdə baş verənlərə görə bütün məsuliyyəti istilaçının üzərinə qoyur. Mülkiyyətin, mədəni irsin, tarixi abidələrin, xəstəxanaların və sairə dağıdılmasına görə bütün məsuliyyəti birbaşa Ermənistan daşıyır. Təbii ki, Azərbaycan Ermənistanın təzminat ödəməsi üçün bütün hüquqi addımları atacaq”.

Ramiz Alıyev qeyd edib ki, Ermənistan Qarabağ və Şərqi Zəngəzurda baş verənlərə görə məsuliyyəti öz üzərindən ata və Azərbaycana təzminat ödəməkdən boyun qaçıra bilməz: “Ermənistan müharibə, humanitar, ekoloji və insanlıq cinayətlərinin məsuliyyətini daim daşıyacaq. Təzminat həm maddi qaydada, həm də alternativ formada ödənilə bilər. Söhbət Ermənistanın hansısa əraziləri təzminat əvəzinə Azərbaycana verməsindən gedir. Ermənistan təzminat əvəzinə hansısa ərazilərin Azərbaycana verilməsini təklif edə bilər. Təbii ki, belə bir təklif olsa, dövlətimiz buna münasibət bildirəcək. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması İrəvanı kompensasiya ödəmək məsuliyyətindən azad edə bilməz. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, törətdiyi cinayətlərə görə Ermənistan beynəlxalq məhkəmələrdə cavab verəcək. Həm dövlət səviyyəsində, həm də mülkləri dağıdılmış sakinlər fərdi qaydada Ermənistanın cinayətlərindən beynəlxalq məhkəmələrə müraciət olunur və olunmalıdır”.