“Azərbaycan heç kimə güzəştə getməyəcək” Siyasət

“Azərbaycan heç kimə güzəştə getməyəcək”

“İndi yenidən ABŞ və Fransa son kart kimi artıq oyundan çıxmış "Qarabağ erməniləri məsələsi"ni masaya gətirməyə çalışır”. Bu sözləri xalqcebhəsi.az-a açıqlamasında politoloq Amid Əliyev deyib. O, əlavə edib ki: “Ermənistan nümayəndə heyətləri demokratik və sülhpərvər qiyafəsində ABŞ və Fransada yüksək səviyyədə qarşılanır, Senat və Parlamentdə yüksək tribunalardan çıxış etmə imkanları əldə edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Qərbin bu mövzuda əsas hədəfi sülh yox, bu qeyri-müəyyənliyin hələ uzun müddət davam etməsinə yönəlib, Azərbaycana qarşı həm siyasi, həm də iqtisadi təzyiq rıçaqlarını formalaşdırmaqla öz istəklərini məcburi şəkildə qəbul etdirməyə istiqamətlənib. Amma yaddan çıxarmaq olmaz ki, bugünkü Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Bu gün Azərbaycan dövləti müstəqil və proqramlaşdırılmış xarici siyasət kursunu həyata keçirir, enerji diplomatiyasını uğurla icra edir. Azərbaycan Türk dünyası kimi iri bir coğrafiyada əsas lider dövlətlərdən birinə çevrilib. Belə olan halda Azərbaycanla onun statusuna uyğun olan dildə danışmaq lazımdır, marionet Ermənistan dilində yox”.
Politoloq sonda qeyd edib ki, bu məsələdə Azərbaycan heç kimə güzəştə getməyəcək və bölgədə davamlı sülhün qorunması istiqamətində ən son ciddi addımları belə atmağa hesablanmış siyasət sərgiləyəcək.