Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa... Siyasət

Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...

Ukrayna prezidentinin “biz sülhə düşündüyümüzdən daha yaxınıq” mesajının arxasında nələr var?

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinin çoxlarının düşündüyündən “daha tez başa çatacağına” inandığını deyib. O, müttəfiqləri Ukrayna ordusunu gücləndirməyə çağırıb.

“Qələbə planı Ukraynanın güclənməsidir. Ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik. Bu çox vacibdir”, - Zelenski qeyd edib. “Biz sülhə düşündüyümüzdən daha yaxınıq”, - Ukrayna başçısı “ABC News”a müsahibəsində bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti ötən bazar günündən etibarən ABŞ-da rəsmi səfərdədir. O, Ağ Evə və prezidentliyə namizədlərə Ukraynanın “qələbə planını” təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, tanınmış ukraynalı telejurnalist Dmitri Qordon da az öncə efirdə müharibənin bu ilin sonunadək bitəcəyinə əminlik ifadə edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Zelenskinin bəyanatına cavab olaraq deyib ki, xüsusi hərbi əməliyyat Rusiya öz məqsədlərinə çatan kimi başa çatacaq. Yəni maksimalist bir mövqe sərgiləyib.

Bəs savaş bitir, yoxsa dondurulur? ABŞ-dakı prezident seçkisinin yekuna mümkün təsiri olacaqmı?

Sona Əliyeva:

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Qərbdən gələn yardımlar davam edərsə, bu savaşın süni şəkildə bir müddət də uzadıla biləcəyini düşünür: “Ukraynada baş verən savaşın bu tezliklə sona çatması payızın ilk günlərində elə də inandırıcı görünmür. Düşünürəm ki, indiki mərhələdə bu, Kiyevin Kreml qarşısında hədə və həmlə gedişidir. Amma Birləşmiş Ştatlardakı seçkilərdən sonra vəziyyət dəyişə bilər. Əgər demokratlar bu seçkidə qalib gələrsə, Rusiya-Ukrayna savaşı bir qədər də yubadılacaq. Əksi baş verərsə, yəni respublikaçıların nümayəndəsi dövlət başçısı kürsüsündə əyləşərsə, o zaman vəziyyət tamamilə fərqli rakursda inkişaf edəcək. Yəni savaş bir gecə sabaha qarşı qəfil yekunlaşa bilər.

İndiki mərhələdə Ukraynanın əlindəki silahlar dekabrın əvvəlinə qədər döyüşləri aparmağa imkan yaradacaq. Əgər Qərbdən yardımlar davam edəcəksə, prosesin bir qədər süni şəkildə uzadılması mümkündür.

Donald Trampın ABŞ-da prezident seçilməsi Ukraynaya Qərbin silah tədarükünün məhdudlaşdırılması demək olacaq. Prezident Zelenskinin “gizli qələbə planı” indiki mərhələdə daha çox öz publikasına hesablanmış addımdır. Çünki Ukrayna əhalisi də 2 il yarım davam edən savaşdan bezib. Ölkəni platsdarma çevirənlər də ukraynalılara silah göndərməkdən beziblər.

İndiki mərhələdə Kiyev müharibənin dondurulmasına razılaşa bilməz. Kreml də ələ keçirdiyi əraziləri qaytarmaq istəməyəcək. Ukrayna çalışır ki, heç olmasa 2 il ərzində itirdiyi ərazilərin heç olmasa yarısını geri alsın. Putinin komandanlığındakı heyət də bununla razılaşmır. Kursk istiqamətində Rusiya ordusunun vəziyyəti qismən düzəltməsi Ukraynanın işini bir qədər də çətinə salır. Əgər Kiyev müharibənin dondurulmasına razılaşsa, bu o deməkdir ki, Kursk uğrunda hücumların yeni fazası baş verəcək və itirilən ərazilər Kursk istiqamətindən kompensasiya ediləcək. Bu da indiki məqamda elə də inandırıcı görünmür.

Ukrayna qüvvələrinin Kursk bölgəsindəki əməliyyatı 2022-ci ilin payızında Xarkov və Xersonda uğurlu əks-hücumdan sonra ən böyük ərazi irəliləyişi olmuşdu. Qərb ekspertləri ümidlənmişdilər ki, bu hadisə vəziyyəti dəyişəcək. Amma heç nə baş vermədi. Əksinə, bir həftə sonra rus ordusu genişmiqyaslı əks-hücuma başladı.

İndiki mərhələdə Qərb də Rusiya qarşısında “taym-aut” götürmək istəyir. Çünki Avropanın silah sənayesi də Rusiyanın qarşısında yorğun görünür. Amma bunun üçün Qərb Moskvanı “taym-aut” üçün razı salmalıdır. Deməli, Qərb Ukraynaya basqıları artıracaq ki, atəşkəsə razı olsun. Qərb ölkələrinin Ukraynaya verdiyi hərbi, siyasi və iqtisadi dəstək Putinin bu müharibəni qazanmasını çətinləşdirir və müharibə davam etdikcə Rusiya üçün daha çox xərc yaradır. Ona görə də hazırkı vəziyyətdə müharibənin bitməsi yalnız iki halda mümkündür. Birincisi, Rusiyanın müxtəlif ölkələrlə döyüş meydanını genişləndirərək Qərb ölkələri üçün müharibənin davam etdirilməsi xərclərini artırması, ikincisi isə Rusiyanın müharibəyə birtərəfli qaydada son verməsidir.

İndiki halda, ikinci səbəb inandırıcı deyil. Bu, Putin rejiminin birdəfəlik sonu ola bilər. Birinci səbəb isə indiki məqamda reallığa daha yaxındır. Daha dəqiq ifadə eləsək, müharibənin bitməsi ABŞ-dakı noyabr seçkilərindən sonra daha da aydınlaşacaq".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı ABŞ-ın seçkilərə qədər problemi həll etmək üçün çalışdığını qeyd etdi: “Ukrayna prezidenti Zelenskinin sülh planından son günlər danışması birbaşa ABŞ-ın maksimalist planıdır, sonradan geri çəkilmələr güzəştlər olacağına hesablanmış addımdır. Biz müharibənin ilk günündən də demişdik ki, sonda ABŞ Ukraynanı güzəştə getməyə məcbur edəcək. Tərəflər öz müttəfiqləri ilə birlikdə müharibədən yorulur. Ukraynanın müttəfiqləri çalışacaqlar ki, Rusiya da indiki maksimalist mövqeyindən geri çəkilsin, Ukraynaya deyəcəklər ki, Rusiyanı sakitləşdirmək üçün ərazi güzəştinə getsin. Son günlər Rusiyanın silah anbarlarının vurulması Rusiyanı yola gətirmək üçündür. Həmin dəmir-beton anbarları yalnız ABŞ raketləri ilə dağıtmaq mümkündür. Amma hər iki tərəfi qane edir ki, desinlər dronlarla zərbə endirilib. Çünki ABŞ-ın Rusiyanın dərinliklərini vura bilən silahlarının Ukraynaya verilməməsinə dair Rusiya qarşısında öhdəliyi var. Məncə, bu öhdəlik qarşılığında Rusiya Ukraynanın bəzi ərazilərindən çıxdı. Hazırda ya tərəflərdən biri ciddi şəkildə məğlub olmalı, ya da siyasi böhranla üzləşməlidir ki, sülh əldə etmək mümkün olsun. İndiki halda sülh əlçatmaz görünür. Peskovun açıqlamasına gəldikdə isə, Rusiya ilk gündən tələb edib ki, Ukrayna NATO-ya inteqrasiyadan birmənalı şəkildə imtina etməlidir. Putin özü də bunu dəfələrlə şərt kimi səsləndirib. İndiki vəziyyətdə ABŞ bütün gücü ilə çalışır ki, ölkədə keçiriləcək prezident seçkisinə qədər problemi həll etsinlər. Əgər Tramp prezident seçilmiş olsa, o zaman Ukraynanın daha da ağır günləri başlayacaq. Daha çox Rusiyanın şərtləri qəbul oluna bilər. Çünki Trampla Putinin çox yaxın münasibətlərinin olması heç kimə sirr deyil. Hətta Trampın Rusiya agenti olmasına dair Amerika rəsmilərinin açıqlamalarını da görmüşük”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu hesab edir ki, Ukrayna münaqişəsinin bitməsi üçün nə hərbi, nə də siyasi şərait mövcud deyil: "Müharibənin bitməsi üçün Rusiyanın qüvvələrini Ukraynadan çıxarması lazımdır. Bu isə hazırda real deyil. İkinci variant isə Rusiyanın qalib gəlməsidir, hansı ki, indi bu da mümkün deyil. Daha bir variant Rusiyada hakimiyyətin dəyişməsi və yeni hakimiyyətin müharibəni dayandırıb Ukraynanı tərk etməsi ola bilər. Yəni müharibənin bitməsi ilə bağlı bir çox versiyalar mümkündür. Ancaq indiki şərtlərdə müharibənin bitməsi üçün müvafiq şərtlər yerinə oturmayıb. ABŞ-da iki aydan sonra olacaq seçkinin nəticələri, əlbəttə, Ukrayna savaşına təsir edə bilər. Lakin seçkinin nəticələrini indidən təxmin etmək mümkün deyil, doğrudur, Harrisin şansı daha yüksəkdir. Fikrimcə, ABŞ, ümumiyyətlə, müharibənin nəzarətdən çıxmasını istəmir. Ukrayna müharibəsi ilə bağlı ABŞ və Rusiyanın indiki hakimiyyətinin yanaşması təxminən eynidir. Hər ikisi Ukrayna müharibəsini məhdud hərbi əməliyyat kimi qiymətləndirir. Çünki müharibənin geniş miqyas alması bütün Avropanı bürüyən fəlakətə çevrilə və uzaq perspektivdə Rusiya və Qərbin böyük qarşıdurmasına, Çin-Rusiya ittifaqına apara bilər. Buna görə də amerikalılar bu müharibənin hazırkı templə davam etməsi və Rusiyanın zamanla “yorulub” çəkilməsini istəyirlər, ya da ən azı zəifləməsini. Rusiya da oxşar formada böyük, geniş miqyaslı müharibə istəmir. Ona görə də hələlik yaxın perspektivdə münaqişənin köklü həllini gözləmirəm".