“Azərbaycanın 44 gün ərzində torpaqlarını düşmən tapdağından azad etməsi...”-Vüqar İskəndərov Siyasət

“Azərbaycanın 44 gün ərzində torpaqlarını düşmən tapdağından azad etməsi...”-Vüqar İskəndərov

“Ölkəmiz uzun illər ərzində çox keşməkeşli, problemli dövrlərdən keçib. Zaman-zaman sözün əsl mənasında insanlarının yalnız soyqırıma məruz qalması yox, həm də torpaqlarının itirilməsi, tarixi abidələrinin dağıdılması prosesi baş verib. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə təbii ki, daha çox torpaq itkisinə məruz qaldı, qısa vaxt ərzində böyük bir ərazi Ermənistana peşkəş edildi”. Bunu xalqcebhesi.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. O bildirib ki, Sovet İttifaqının tərkibində yenə də zaman-zaman Azərbaycan insanı hərtərəfli sıxışdırıldı, torpaqlarımızın hissə-hissə Ermənistana verilməsi prosesi davam etdi. V.İskəndərov bildirib ki, Ali Baş Komandan İlham Əliyev 2003-cü ildən prezident seçiləndən sonra qələbəmizin qazanılması üçün hər gün addımlar atmağa başladı: “Hər keçən gün bu siyasi proseslərin içərisinə daxil olaraq dünyada ədalətin olmadığı, beynəlxalq hüququn norma prinsiplərinin kobud şəkildə pozulduğu, hətta ayaq altına atıldığı açıq aydın ölkə başçımız tərəfindən dilə gətirildi. Artıq məqam yetişdi ki, Azərbaycan dövləti öz torpaqlarını geri alsın, düşmənə yerini göstərsin. Təbii olaraq 27 Sentyabrda Azərbaycanın əks hücuma keçməsi və 44 gün ərzində torpaqlarını düşmən tapdağından azad etməsi, Ermənistan kimi yarıdövlət və qəbilələrdən ibarət olan toplumu dizi üstə yerə qoyaraq onları kapitulyasiya aktına imza atmağa məcbur etməsi İlham Əliyev adının Azərbaycanın şərəfli və şanlı tarixinə qızıl hərflərlə yazılmasına gətirib çıxardı”.