Moskvada Əliyev-Putin-Paşinyan görüşünə kim mane oldu? Siyasət

Moskvada Əliyev-Putin-Paşinyan görüşünə kim mane oldu?

Putin Əliyevlə Paşinyanın üçtərəfli görüşünü təşkil edə bilməyib. Halbuki, MDB dövlət başçılarının Moskva sammiti Rusiya üçün növbətçi xarakterli olsa belə görüşün keçirilməsi və Bakı-İrəvan danışıqlarındakı vasitəçilik mübarizəsində irəli çıxması üçün yaxşı fürsət idi.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, “üçtərəfli görüşlə bağlı fikir bəziləri tərəfindən dəstəklənmir”. Böyük ehtimalla Uşakovun dediyi “bəziləri” Ermənistandır. Rəsmi Bakı hələ Putinin Azərbaycana səfəri ərəfəsində danışıqların Moskvada davam etdirilməsinə razı olduğunu bəyan etmişdi, rəsmi İrəvan isə bundan imtina etdi. Çünki Moskva masasında kommunikasiyanın açılması – Zəngəzur dəhlizi Azərbaycan və Rusiyanın gündəliyi uyğundur. Və mümkün üçtərəfli görüşdə İrəvan təzyiq altında qalacaqdı. İstisna deyil ki, Rusiya ondan uzaqlaşan Ermənistanın MDB iclasında iştirakını mövcud vəziyyətdə irəliyə doğru addım hesab edərək, üçtərəfli görüş üçün Paşinyana təzyiq etməyib.

Hərçənd, Kremlin sözçüsü Dmitri Peskov Putinin Əliyev və Paşinyanla ikitərəfli görüşdə Zəngəzur dəhlizi məsələsini müzakirə etdiyini açıqlayıb. Putinə “sülhün kəsişməsi” layihəsi ilə bağlı broşür təqdim edən Paşinyan isə yenidən Zəngəzur dəhlizinə qarşı çıxıb. Dəhliz ətrafında intriqalar davam edir və mövqelər arasındakı ziddiyyətlər göstərir ki, regional kommunikasiyanın açılması perspektivi getdikcə çətinləşir.

Asif Nərimanlı