Hadrutun azad olunması erməni mifi darmadağın edib Siyasət

Hadrutun azad olunması erməni mifi darmadağın edib

Dünən Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gün idi.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.

Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Bununla da qəsəbə və qeyd olunan kəndlər düşmən tapdağından azad olunub. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sor kəndləri də düşmən işğalından azad olunub.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb. 2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib.

Hərbi ekspert Ramil Məmmədli deyib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətrafındakı yüksəkliklərin işğaldan azad olunması Ermənistan ordusunun İkinci Qarabağ Müharibəsində məğlub olmasına zəmin yaradıb.

O bildirib ki, Vətən Müharibəsi zamanı Hadrutun və Ərgünəş yüksəkliyinin işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələri üçün çox əhəmiyyətli olub: "Ərazinin strateji əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan Ordusu ilk dəfə olaraq cənub istiqamətindən Qarabağın dağlıq hissəsinə keçid edib, bu ərazidə mövqelərini gücləndirib. Həmçinin buranın azad olunması ordunun manevr imkanlarını artırdı və Şuşa, Kirs, eləcə də Kirs dağı istiqamətində hərəkət etməsinə, Füzuli, Şuşa, Xankəndi, Xocavənd, eləcə də Qarğabazar istiqamətində təchizat yollarına nəzarət etməyə imkan yaratdı. Cəbrayılın işğaldan azad olunması ilə Ermənistanın rəhbərliyi ordusuna Ərgünəş yüksəkliyi istiqamətində müdafiə xəttinin gücləndirilməsi tapşırıqlarını vermişdi. Lakin onlar düşünmürdülər ki, Azərbaycan Ordusu Cəbrayılı azad etdikdən dərhal sonra Hadrut istiqamətində əməliyyatlara başlayacaq".

R.Məmmədlinin sözlərinə görə, Azərbaycan Ordusu Hadrut ətrafındakı yüksəklikləri azad etməklə digər əraziləri də asanlıqla nəzarətə götürüb. O bildirib ki, Hadrutun işğaldan azad olunması Vətən Müharibəsində Ermənistan ordusunun məğlub olmasına zəmin yaradıb.

"Ermənistan ordusu Hadrutu itirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayana bilməyəcəyini anladı. Bundan sonra əməliyyatın miqyası daha da böyüdü. Qarabağın dağlıq hissəsinin cənub istiqamətinin açarı və qapısı Hadrutdur. Bura azad olunandan sonra qarşı tərəfdə ruh düşkünlüyü yarandı", - deyə hərbi ekspert bildirib.

Hərbi ekspert Azər Bayramov isə deyib: “Azərbaycan Ordusunun Xocavənd rayonunun Hadrut qəsəbəsində həyata keçirdiyi əməliyyat ordunun istənilən şəraitdə və relyefdə hər bir tapşırığı yerinə yetirməyə qadir olduğunu göstərib”.

O bildirib ki, Hadrut əməliyyatı Vətən Müharibəsində əsas dönüş yaradan əməliyyatlardan biridir: "Burada Ermənistanın motoatıcı diviziyası var idi. Diviziya Qarabağın cənub cəbhəsini müdafiə edirdi. Ərazini Qarabağın giriş qapısı da adlandıra bilərik. Azərbaycan Ordusu düşmənin gözləmədiyi istiqamətdə həyata keçirdiyi taktika və manevrlərlə düşmənin dərinliyinə sızmışdı. Onların motoatıcı diviziyasının Cəbrayılda yerləşən alayı rayon işğaldan azad olunduqdan sonra Hadrutda cəmlənmişdi. Həmin diviziyanın qərargahının məhv edilməsi və strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi sonrakı fəaliyyətlər üçün üstünlük yaratdı".

A.Bayramovun sözlərinə görə, Ermənistanda çətin relyefdə Azərbaycan Ordusunun qarşısını alacaqları ilə bağlı mif yayılmışdı. O deyib ki, Hadrutun və digər yüksəkliklərin azad olunması bu mifi darmadağın edib.

"Bu əməliyyat göstərdi ki, Azərbaycan Ordusu istənilən şəraitdə və relyefdə hər bir tapşırığı yerinə yetirməyə qadirdir. Bundan sonrakı fəaliyyətlərdə də Qarabağın digər dağlıq əraziləri işğaldan azad olundu", - deyə hərbi ekspert bildirib.