Prezident İlham Əliyev: Azərbaycan COP29 konfransının yüksək səviyyədə təşkil olunması istiqamətində böyük səylər göstərir Siyasət

Prezident İlham Əliyev: Azərbaycan COP29 konfransının yüksək səviyyədə təşkil olunması istiqamətində böyük səylər göstərir

Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib.

APA xəbər verir ki, bunu dövlət başçısı oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbulu zamanı bildirib.

COP29-un əhəmiyyətinə toxunan dövlət başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini dedi. Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlət başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.