Prezident İlham Əliyev: COP29-un uğurla keçəcəyinə ümidvaram Siyasət

Prezident İlham Əliyev: COP29-un uğurla keçəcəyinə ümidvaram

Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə edib.

APA xəbər verir ki, bu fikirləri dövlət başçısı BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbulu zamanı deyib.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirdi ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır.

Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirdi. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını dedi.