Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Turab Rzayev: “Azərbaycanı sanksiya ilə hədələyirlər və əlbəttə bunun cavabı verilməlidir”
Son zamanlar Qərb tərəfindən Azərbaycana qarşı təzyiqlər artıb. Əlbəttə, məqsəd Ermənistana dəstək verilməsi və Qərbin maraqlarının bölgədə təmin olunmasıdır. Amma Azərbaycan dövləti prinsipial mövqeyindən geri çəkilməyəcəyini ən yüksək səviyyədə bəyan edib.
Qeyd edək ki, Milli Məclisinin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova ABŞ ilə müqavilələrə xitam verilməsi ilə bağlı müraciət ünvanlayıb.
Siyasi şərhçilər məsələni “Xalq Cəbhəsi”nə şərh ediblər.
Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bunun çox ciddi məsələ olduğunu söyləyərək qeyd edib ki, ABŞ-nin davamlı olaraq anti-Azərbaycan çalışmalarına qarşı hansısa tədbirlər görülməli idi. O vurğulayıb ki, ABŞ tərəfinin rəsmi və qeyri-rəsmi qurumlarının, şəxslərinin məsuliyyətsiz davranışları münasibətləri bu vəziyyətə gətirib çıxardı: “Amma davamlı olaraq bizimlə təzyiq, təhdid, hədə-qorxu dili ilə danışmaq düzgün deyildi və onların bizə qarşı hansısa sanksiyalar və s. tətbiq etmək istəmələri çox mənfi bir haldır. Bu problemin yaranmasının səbəbi ABŞ tərəfi olduğunu nəzərə alsaq problemin həllində, bu vəziyyətin düzəldilməsində də hesab edirəm ki, onlar aktiv olmalıdırlar, problemin həllinə çalışmalıdırlar. Əgər onlar addım atarlarsa və Azərbaycana qarşı sanksiya tətbiq etmək istəyən qurumlar fikirlərindən geri çəkilərlərsə, münasibətlər əvvəlki vəziyyətə qayıda bilər. Hətta ABŞ tərəfi münasibətləri inkişaf etdirmək istəsə, düşünürəm ki, bu məsələlərə yenidən baxmaq və yeni səhifələr açmaq olar”.
“Bu addımlar bizi haqlı mübarizəmizdən yayındırmayacaq”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bu müraciətin tamamilə haqlı və yerində atılmış bir addım olduğunu vurğulayıb. Politoloq bildirib ki, bu, zamanlama etibari ilə heç də təsadüfi vaxtda seçilməyib: “Bu, ABŞ-də senatorların, Konqres üzvlərinin Azərbaycana sanksiyaların tətbiq olunması ilə bağlı ABŞ Prezidentinə ünvanladıqları müraciətə qarşılıq olaraq seçilib. Əlbəttə ki, bu, ABŞ-nin ölkəmizə yönəlik qərəz mövqeyinin ilk göstəricisi deyil. Bu günə qədər də tolerant mühitin ən yüksək səviyyədə qorunduğu, insan haqlarına yüksək səviyyədə önəm verildiyi bir siyasi mənzərənin olmasına rəğmən müxtəlif hesabatlarda ölkəmizə qarşı insan haqlarını əldə bayraq tutaraq müxtəlif bəyanatlar, hesabatlar hazırlayan və qərəz mövqeyi ortaya qoyan bir dövlətdən bugünkü gündə də, məhz COP29 ərəfəsində, ölkəmizin nüfuzunun günü-gündən artdığı, beynəlxalq arenada reputasiyasının yüksəldiyi bir vaxtda belə bir təşəbbüsün irəli sürülməsi heç də gözlənilməz, təsadüfi deyil. Bu, sadəcə olaraq erməni lobbisinin təsiri altında olan Konqresin atacağı addımdır”.
Əgər ABŞ bu gün insan haqlarından danışırsa...
Z.Qarayeva əlavə edib ki, insan haqlarını hər zaman əlində rəhbər tutan ABŞ-də insan haqlarının pozulması digər dövlətlərlə müqayisədə bəlkə də ən yüksək səviyyədədir: “Xüsusən siyasi məhbusların sayının kifayət qədər olması, “demokratiyanın beşiyi” olan bir dövlətlə, bir dövlətin adı ilə heç də səsləşməyən bir məsələdir. Əgər ABŞ bu gün insan haqlarından danışırsa, insan haqlarının qorunması məqsədi ilə müdaxilə, ilhaq etdiyi ərazilərdə yaşanmış mühitin hazırda hansı səviyyədə olması, xaotik sistemin formalaşdırılması faktoru deməyə əsas verir ki, bu kimi amillər sadəcə olaraq onların özlərinin intervensiya siyasətlərini həyata keçirmək üçün məqsədli şəkildə istifadə olunan bir faktordur. O baxımdan bu gün Azərbaycana qarşı da eyni silahdan istifadə edilməsi həmin siyasətin, ənənəvi ritorikanın tərkib hissəsidir”.
Politoloq vurğulayıb ki, ABŞ super güc dövlət olsa belə bu kimi addımlar, hesabatlar, qərəzli yanaşmalar bizi haqlı mübarizəmizdən caydıracaq bir məsələ deyil.
Ermənipərəst partiyalar
Politoloq Turab Rzayev Azərbaycan millət vəkillərinin Ceyhun Bayramova müraciətinin önəmli addım olduğunu qeyd edib: “Azərbaycanı sanksiya ilə hədələyirlər və əlbəttə bunun cavabı verilməldiir”. Politoloq qeyd edib ki, həmişə ABŞ Konqresində ermənipərəst partiyalar, ermənipərəst konqresmenlər bu cür qanun layihəsi irəli sürürlər: “Yəni Azərbaycana qarşı sanksiyalar ilk dəfə deyil, bu, vaxtaşırı olur və çox zaman ciddiyə alınmır. İndiki halda isə biz görürük ki, burada artıq Azərbaycana qarşı ciddi təzyiq edilir və bu, ciddi şəkildə müzakirə olunur. Azərbaycan dövlətinin belə bir ehtimalı var ki, həqiqətən ABŞ Dövlət Departamenti bunu sifariş edir və Azərbaycana qarşı həyata keçirəcək. Ona görə də Ceyhun Bayramova millət vəkillərinin yazdığı bu müraciət əslində ABŞ-yə qarşı Azərbaycanın atacağı addımların siyahısı idi”.
Röya İsrafilova