Səməd Seyidov: “Biz müharibəni udmuşuq, ancaq başa düşməliyik ki, bizə qarşı diplomatik müharibə elan olunub” Siyasət

Səməd Seyidov: “Biz müharibəni udmuşuq, ancaq başa düşməliyik ki, bizə qarşı diplomatik müharibə elan olunub”

“Onların bəyan etdiyi dəyərlər görün nə dərəcədə iflasa uğrayıb ki, danışmaq istədiyi tərəf, ölkə Azərbaycan yoxdur, ancaq sifarişi yerinə yetirməlisən. Bunun üçün qəbul etdiyin qanunlarının üstündən xətt çəkirsən və dinləmələri təşkil edirsən”.

Bu fikri AŞPA-da Azərbaycanın iştirakı olmadan ölkəmizlə bağlı dinləmələrin keçirilməsini AZƏRTAC-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, qurumda Azərbaycanla bağlı məruzə hazırlamaq və xüsusi məruzəçi təyin etmək kimi planların baş tutmaması da onu göstərir ki, onlar faktiki olaraq özləri-özlərini biabır edirlər.

“O qədər biabırçı sənədlər hazırlayıb, addımlar atıblar ki, nə məruzəni yaza bildilər, nə də məruzəçi təyin edə bildilər. Assambleyada 600-dən çox üzv olduğu halda Azərbaycanla bağlı 12 nəfər çıxışa yazılıb. Bu, özlüyündə biabırçı məsələdir. Onlar özləri də gözəl başa düşürlər ki, sifarişi yerinə yetirmək lazımdır. Ancaq gözlənilməz hal baş verdi. AŞPA deputatların bir çoxu Azərbaycanın lehinə danışmağa başladı”,-deyə S.Seyidov bildirib.

Komitə sədri deyib ki, bu dinləmələr ölkəmizə qarşı ona görə təşkil olunub ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək artıq Qərbin ikili standartlar ehtiva edən siyasətindən imtina edib. Azərbaycan öz mövqeyini açıq deyib, məsələləri düzgün təhlil edərək işğala soy qoymaqla faktiki olaraq bunların planlarının üstündən xətt çəkmiş oldu: “Azərbaycan onlardan soruşmadan, onlarla məsləhətləşmədən, xalqın sözü və istəyi ilə milli maraqlarını düşünərək, beynəlxalq əlaqələr sistemində mövqeyini müəyyənləşdirərək öz torpaqlarını işğaldan azad etdi. Onları yandıran budur. Onlar düşünürlər ki, dünyanı biz idarə edirik. Sizin ixtiyarınız yoxdur bizim idarə etdiyimiz dünyaya müdaxilə edəsiniz. Biz elə idarə edəcəyik ki, ağa qara deyəcəyik, ikili standartlar yeridəcəyik, kolonial siyasət aparacağıq, biz təzyiq göstərəcəyik, kimi istəyirik dəstəkləyəcəyik. Ancaq onlar unudurlar ki, biz müharibəni udmuşuq, bununla belə bizə qarşı diplomatik müharibə elan olunub”.

Milli Məclisin deputatı hesab edir ki, xalqımızın istəyi Azərbaycanı ən yüksək səviyyədə inkişaf etmiş ölkələrin sırasında görməkdir:

“Bu istiqamətdə apardığımız siyasət buna imkan verir. Nə qədər çalışsalar, dünya ictimaiyyətinin fikrini özəlləşdirə bilməyəcəklər. Çünki onlar dünyanın fikrini dəyişdirmək iqtidarında deyillər”.