“Bu o demək idi ki, Ermənistanın üzərinə götürdüyü öhdəlik yerinə yetirilməyəcək” Siyasət

“Bu o demək idi ki, Ermənistanın üzərinə götürdüyü öhdəlik yerinə yetirilməyəcək”

“Düz 21 il bundan öncə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevin biri dillər əzbəri olan, digəri isə regionda vəziyyətin dəyişəcəyindən, yəni yeni geosiyasi reallıq yaradılacağından xəbər verən iki açıqlaması vardı. Birincisi onun "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" sözləri idi. Zaman keçdikcə bu sözlərin çəkisinin düşünüldüyündən qat-qat ağır və təsir çevrəsinin də daha geniş, eləcə də daha dərin olduğu üzə çıxdı. Bu baxımdan mən cənab Prezidentin Dünya azərbaycanlılarının ikinci qurultayındakı çıxışını heç vaxt unutmuram və unutmayacağam”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev bildirib. S.Alıyev diqqətə çatdırıb ki, dövlət başçısının ikinci açıqlaması Ermənistanla danışıqlara sıfırdan başlanacağı haqda idi: “Sonradan bəlli oldu ki, bu, əslində Ermənistanın cəbhədə və danışıqlar masasındakı bütün uğurlarının sıfırlanacağı anlamı daşıyırdı. Elə də oldu!
Və bu yöndə ən mühüm addım da o zaman atıldı ki, Ermənistana təzə baş nazir seçilən Nikol Paşinyan da cənab İlham Əliyevi yamsılamağa çalışaraq Azərbaycanla danışıqlara sıfırdan başlayacaqlarını bildirdi. Bu isə o demək idi ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlik yerinə yetirilməyəcək.
Həqiqətən də yetirilmədi. Yerinə yetirtdirildi! Həm də Ermənistan üçün daha ağır şərtlərlə. Nikol Paşinyan indi "Qarabağ Azərbaycandır", -deyir. Və bilə-bilə ki, onun nə deməsinin bizim üçün heç bir anlamı yoxdur. Çünki həmən Qarabağ məsələsində Ermənistanın böyük güclərin hərtərəfli dəstəyi ilə ötən əsrin sonunda, elə həm də əvvəlindəki uğurları tam sıfırlanıb. Bunu bütün azərbaycanlıların Prezidenti edib”.