Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Məktəbində sərgi keçirilib Siyasət

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Məktəbində sərgi keçirilib

14 oktyabr 2024-cü ildə Polşanın paytaxtı Varşava şəhərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan - yaddaşlarımızda” adlı sərginin açılışı baş tutub.

Qərbi Azərbaycan mədəni irsi ilə bağlı Avropada ilk dəfə keçirilən sərginin açılışını edən Universitet rektoru professor Pyotr Vaxovyak, rəhbəri olduğu ali məktəbdə belə bir sərginin keçirilməsindən məmnun olduğunu bildirərək sərgiyə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfir, xanım Nərgiz Qurbanova çıxış edərək Azərbaycanın zəngin tarixi irsə malik olduğunu, Qərbi Azərbaycanın mədəni irsinin xüsusi yerinin olduğunu bildirmiş və İrəvan xanlığının tarixi barədə geniş məlumat verib. Səfir avropalı səyyahların əsərlərində xanlıq barədə geniş məlumatların olduğunu diqqətə çatdıraraq bu gün təəssüf ki, bu zəngin irsin məhv edilməkdə olduğunu qeyd etmişdir. Nərgiz Qurbanova bildirib ki, maddi irs məqsədli şəkildə məhv edilsə belə, onu insanların yaddaşından həqiqətləri silmək mümkün deyil və tarix gec ya tez həqiqətləri üzə çıxarır.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar çıxışı zamanı sərgiyə gələn bütün qonaqlara təşəkkür edərək bildirib ki, Qərbi azərbaycanlılar ötən əsr ərzində bir neçə dəfə deportasiyaya məruz qalıb və nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın Qərbi azərbaycanlıların zəngin mədəni irsinə ağır zərbələr vurmasını, azərbaycanlıların yaşayış məntəqələrini xarabalığa çevirdiyini, əsrlərin sınağından keçmiş abidələri yerlə yeksan etdiyini qeyd edən İcma rəsmisi, Ermənistanda azərbaycanlılara məxsus 300-dən çox məscidin, yüzlərlə qəbristanlığın məhv edildiyini bildirib. O, Göyçə aşıq məktəbinin tanınmış siması Aşıq Ələsgərin doğma kəndindəki qəbirüstü abidəsinin Ermənistan tərəfindən məhv edildiyi haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Bakıda Aşıq Ələsgərin abidəsinin açılışını həyata keçirməsini xalqımızın mətanətinin, mədəni dayanıqlıqlılığının və qayıdışa inamının simvolu olduğunu vurğulayıb. İcma rəsmisi mədəni irsə edilən hücum həm də bütövlükdə bəşəriyyətə qarşı yönəldiyini qeyd edərək, beynəlxalq ictimaiyyəti, İcmanın ədalət yolunda apardığı mübarizəyə dəstək verməyə çağırıb.

Qeyd edək ki, oktyabr ayının 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks edilib. İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib.