“Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi strateji məqamlardan da xəbər verir”- Jalə Əliyeva Siyasət

“Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi strateji məqamlardan da xəbər verir”- Jalə Əliyeva

“Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın növbəti nailiyyəti, beynəlxalq aləmdə artan nüfuzunun təsdiqi kimi qiymətləndirilməlidir”.
Bunu xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib. J.Əliyeva qeyd edib ki, Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında bir çox məsələlərin müzakirə edildiyini bildirərək deyib ki, bu məsələlərin içərisində ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı və oradan söylədiyi fikirlər, verdiyi mesajlar bir çox aspektləri ilə həm ölkəmiz, həm də bölgəmiz üçün çox böyük əhəmiyyət daşıyır.
Deputat vurğulayıb ki, Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bir çox siyasi, strateji məqamlardan da xəbər verir: “Laçın Azərbaycanın 30 il müddətində işğal altında qalmış, Ermənistanın vandalizminə tuş gəlmiş torpaqlarından biridir və digər işğal edilmiş şəhərlərimiz kimi Laçın da düşmən tərəfindən yerlə-yeksan edildi, vandalizm və barbarlıq siyasətinə məruz qaldı. Bütün işğal altında olan torpaqlarımız kimi Laçını da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun sayəsində işğaldan azad etdik”.
J.Əliyeva artıq digər işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi Laçında da böyük bərpa-quruculuq işlərinin həyata keçirildiyini deyib: “Laçın da Qarabağımızın digər dilbər guşələri kimi özünün tarixi simasını, əzəmətini özünə qaytarmaqdadır. Çox sürətli bir şəkildə yenidənqurma işlər həyata keçirilir. Artıq laçınlılar öz doğma yurdlarında həyatlarını davam etdirirlər”.

“Laçın öz qapılarını turistlərə açıq elan edəcək”

O əlavə edib ki, bu qərarın həm də COP29 kimi əhəmiyyətli bir tədbirin keçiriləcəyi günə çox az bir müddət qalmış verilməsi və eyni zamanda, 2025-ci ildə Azərbaycanda III MDB Oyunlarının keçirilməsi kimi məsələlərin müzakirə edilməsi, Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi və Azərbaycanın bir çox şəhərlərində yarışların keçirilməsinə qərar verilməsi, bu haqda verilən məlumatlar əlbəttə ki, çox qürurverici məqamlardır.
Deputat Azərbaycanın hər ötən gün özünə yeni tərəfdaşlar qazandığını vurğulayıb: “Azərbaycanın haqq işini görən və dəstəkləyən ölkələrin, dost qüvvələrin sayı günü-gündən artır. Düşünürük ki, Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxı elan edilməsi dünyanın sülhsevər, tərəqqipərvər, ədalət yanlısı ictimaiyyətinin diqqətini bir daha Azərbaycana çəkəcək. Laçın MDB-nin mədəniyyət paytaxtı elan edilməklə bərabər öz qapılarını MDB, eyni zamanda dünyanın digər məkanlarından gələn turistlərə açıq elan edəcək. Bir daha ölkəmizə gələn insanlar Azərbaycanın haqq, ədalət işini, doğru yolda olduğunu, yüksəlişini, inkişafını öz gözləri ilə görüb dəyərləndirmək imkanı qazanacaqlar. Nəhayət, bir daha qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin ötən günlərdə Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında etdiyi çıxış da elə söylədiklərimizi ehtiva edən çox əhəmiyyətli, prezidentimiz tərəfindən irəli sürülən tarixi bir çıxış kimi yadda qaldı”.

Röya