“Regionda təhlükəsizliyin təmin edilməsi bütün region dövlətləri üçün əhəmiyyətə malikdir” Siyasət

“Regionda təhlükəsizliyin təmin edilməsi bütün region dövlətləri üçün əhəmiyyətə malikdir”

“Gürcüstanda keçiriləcək seçkilər, əlbəttə, Azərbaycanı da maraqlandırır. Ona görə ki, həm orada xeyli sayda Azərbaycan türkləri yaşayır, həm də ölkənin siyasi, iqtisadi vəziyyətinə təsir edəcək gücdədirlər”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib. O həmçinin bildirib ki, Azərbaycanın Gürcüstanda ciddi sərmayəsi var: “Eyni zamanda, Azərbaycanın enerji layihələri məhz Gürcüstan üzərindən həyata keçirilir. Bu da önəmlidir. Və təbii ki, təhlükəsizlik məsələsi var. Regionda təhlükəsizliyin təmin edilməsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə bütün region dövlətləri üçün əhəmiyyətə malikdir. O baxımdan düşünürəm ki, Gürcüstanda baş tutacaq seçkilər Azərbaycanı çox ciddi maraqlandırır”.
Politoloq eləcə də Avropa İttifaqı və ABŞ, yəni qeyri-region dövlətlərinin Gürcüstan, Ermənistan üzərindən regiona təsir etmək cəhdləri olduğunu da deyib: “Bu cəhdlərin qarşısını almaq üçün hesab edirəm ki, birgə addımlara ehtiyac var. Gürcüstandakı seçkilərin də çox ciddi təsirləri olacaq. İndiki hökumət İvanişvilinin kadrı olduğu üçün Rusiya ilə yaxın münasibətləri olan hökumətdir. Qərb Gürcüstan hökumətini indiki halda müəyyən mənada izolasiya edir. Amma hər vəziyyətdə Azərbaycanın prioritetləri sırasında bu gün üçün Gürcüstandakı seçkilərin nəticəsinin ölkəmizin maraqlarına uyğun olmasını görməkdir”.
S.Hümbətov Gürcüstanda yaşayan azərbaycanlıların da seçkidə təsirləri olduğunu diqqətə çatdırıb: “Təbii ki, oradakı azərbaycanlıların da seçkidə təsirləri var və düşünürəm ki, bu seçkinin nəticəsində dəyişiklik görə bilərik. Azərbaycan və Gürcüstan rəhbərləri arasında şəxsi münasibətlər yüksək səviyyədədir. Bu da təbii ki, dövlətlərarası münasibətlərə təsir edir. Orada yaşayan xalqların da idarəetmədə təmsil olunması mahiyyət etibarı ilə seçkidə onların söz haqqının olmasını göstərir. Düşünürəm ki, bu seçkilər kifayət qədər rəqabətli olacaq”.