Ermənistanın silahlandırılması yeni eskalasiya riskini artırır Siyasət

Ermənistanın silahlandırılması yeni eskalasiya riskini artırır

Arzu Nağıyev: “Bu, yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər”

Bəhruz Məhərrəmov: “Azərbaycana qarşı təhdidlər yerindəcə məhv ediləcək”

Hikmət Babaoğlu: “Azərbaycan tərəfi preventiv addımlar atmaqda haqlıdır”

Hindistanın bir neçə xəbər portalı məlumat verir ki, Hindistan “Pralay” kvaziballistik raketləri Ermənistana satmağa hazırlaşır. Hətta daha öncə də bildirilmişdi ki, Hindistan bu raketlərin Ermənistana mümkün qədər tez çatdırılması ilə bağlı müqavilə bağlamaq niyyətindədir. Bu raketlər Ermənistana satılarsa, Azərbaycan üçün nə kimi təhlükəsi ola bilər? Ümumiyyətlə, təhlükəsi olarmı? Bu məsələni Milli Məclisin deputatları “Xalq Cəbhəsi”nə şərh ediblər.

Mili Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, Hindistan, Fransa və digər dövlətlərin Ermənistanı silahlandırması ilə bağlı məlumatlar var: “Eyni zamanda, sərhəddə olan binokl diplomatiyasını həyata keçirən vizual kəşfiyyatçıların da silah-sursatlarının, şəxsi heyətinin artması bir daha göstərir ki, böyük tədbirlər öncəsi həmişə olduğu kimi ermənilər təxribata hazırlaşır. Bundan başqa, son vaxtlar bütün sərhəd boyu atıcı silahlarla bərabər, eyni zamanda, zirehli texnikanın cəmlənməsi müşahidə olunur. Bunlar dünyaya göstərmək istəyir ki, COP29 ərəfəsində və tədbirdən sonra guya Azərbaycan Ermənistan ərazilərindəəyyən dırnaqarası təxribatlar törətməyə çalışacaq”.

Ermənistanın dəsti-xətti

Deputat bildirib ki, bu, ilk növbədə Ermənistanın dəsti-xəttidir: “Onlar bilirlər ki, hər hansı bir təxribatın qarşısı Azərbaycan tərəfindən alınacaq, adekvat addımlar atılacaq. Buna görə də silah-sursatı ora yığmaqla müəyyən bir təxribat törədib, Azərbaycanın cavab atəşindən sonra bütün dünyaya yayacaqlar ki, Azərbaycan təcavüzkar siyasət yürüdür. Bununla əlaqədar Azərbaycan müdafiə naziri tərəfindən də təmas xəttində daha ayıq-sayıq olmaqla bağlı müvafiq əmr verilib. Məlumdur ki, Azərbaycan ən müasir silahlarla, texnika və texnologiya ilə təchiz olunmuş orduya malikdir. Bizim suda, quruda, dağ, həmçinin səhra şəraitində döyüşkən bir ordumuz var. Bu proseslərin də hamısına tam şəkildə nəzarət olunacaq”.

Yeni münaqişə ocağı

A.Nağıyev Azərbaycanın heç kimin torpağından gözünün olmadığını vurğulayıb: “Biz özümüzün suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmək üçün əlimizdən gələni etməyə hazırıq və belə də olacaq. Bir sıra qonşu dövlətlər, eyni zamanda, İran da hərəkətə keçməli və öz sərhədlərinin çox yaxınlığında NATO hissələrinin bu qədər silah toplamasına ciddi reaksiya verməlidir. Yəni regionda baş verə biləcək istənilən hadisə təbii ki, yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər. Bunun da qarşısını almaq çətin olacaq. Ona görə də öncədən beynəlxalq təşkilatlar, BMT və digər səviyyədə ermənilərin öz yerinə oturdulmasının vaxtı çatıb. Sadəcə olaraq onlardan vasitə kimi istifadə edərək öz məkrli siyasətlərini reallaşdıran Qərb və havadarları bilməlidirlər ki, bu prosesdə müstəqil siyasət həyata keçirən Azərbaycan hər cürə imkanlara malikdir”.

“Ermənistanın təhlükəsizliyini heç bir amil təhdid etmir”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Hindistanın Ermənistana kvaziballistik raketlər satmağa hazırlaşması barədə xəbərlər bizim üçün təəccüblü deyil, çünki artıq Ermənistan bu ölkədən müxtəlif müdafiə sənayəsi məhsulları almaqdadır. Deputat əlavə edib ki, Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvü kimi beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə müvafiq olaraq başqa dövlətlərin daxili işlərinə qarışmaq niyyətində deyil: “Lakin Hindistanın Ermənistanı silahlandırması bütövlükdə bölgənin geosiyasi konfiqurasiyasına təsir və təhdid edə biləcək amil olduğu üçün biz prosesləri diqqətlə izləyir və adekvat davranmağa tam hazırıq. Çünki prosesləri təhlil edərkən əminliklə demək olar ki, Hindistanla Ermənistan arasında bu sövdələşmə bütövlükdə bölgəyə yaxşı heçnə vəd etmir. Xüsusən nəzərə alsaq ki, Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyini heç bir amil təhdid etmir, Ermənistanı regionda hər hansı qonşusundan müdafiə olunmasına zərurət yoxdur”.

Revanşist niyyətlər

B.Məhərrəmov vurğulayıb ki, indiki məqamda Hindistanın Ermənistana müvafiq "Pralay" raketlərini satması yalnız və yalnız Ermənistanda revanşist niyyətlərin təşviqinə və bu ölkənin 30 il davam etmiş işğal və təcavüz status-kvosunu bərpa etməyə təşviq olunmasına hesablanıb: “Lakin şübhə doğurmur ki, Ermənistanın sürətlə silahlanması və silahlandırılması regionda Azərbaycanın Zəfərləri ilə formalaşan geosiyasi reallığı dəyişə bilməz, əksinə Azərbaycan bu reallıqların dəyişdirilməsi istiqamətində Ermənistandan hər hansı hərəkətlənmə görərsə, yaxud milli təhlükəsizliyimizə münasibətdə hər hansı təhdid real yarandığını hiss edəriksə, möhtərəm cənab Prezidentin 14 fevral 2024-cü il tarixdə andiçmə mərasimində və bu il sentyabr ayının 23-də VII çağırış Parlamentinin açılış iclasında da ifadə etdiyi kimi, biz həmin təhdidləri yerindəcə məhv edəcəyik”.

Yarımçıq sülh sazişi

Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın sülh deyə-deyə müharibəyə hazırlaşdığını və artıq çox uzaq məsafədən hədəflərini vura biləcək hücum silahları əldə etdiyini söyləyib: “Ona görə regionda eskalasiya riski günü-gündən artır. Ermənistan yarımçıq sülh sazişinin mətni ilə özünü dünyaya sülhpərvər libasda təqdim etməyə, əslində isə Azərbaycana qarşı ciddi güc formalaşdırmağa çalışır. Həmçinin özünün ətrafında tərəfdaşlarla yeni silahlar əldə etməyə çalışır. Elə bu günlərdə Hindistan tərəfindən “Pralay” kvaziballistik raketlərinin alınması ilə bağlı qərar qəbul edilməsi və Hindistanın buna icazə verməsi də Ermənistanın nə qədər böyük təxribatlara hazırlaşdığının göstəricidir”.

Depuat “Pralay” raketlərinin uçuş uzunluğunun 350-500 kilometr olduğunu deyərək bu raketlərin Ermənistandan Azərbaycanın istənilən hədəfini vuracaq qabiliyyətə malik olduğunu bildirib: “Bu raketlər həm də yer-yer tipli raketdir. Kvaziballistik tipi isə əslində həm də raketin uçuş müddətində trayektoriyasını dəyişə bilmək qabiliyyətinin göstəricisidir. Yəni aldadıcı manevrlər etmək qabiliyyətinə malikdir və bu raket Azərbaycanın strateji məntəqələrində çox ciddi partlayışlar törədə bilər”.

“Azərbaycan ordusu hazırdır”

H.Babaoğlu vurğulayıb ki, Ermənistan bu təhlükəli addımlarını davam etdirərsə Azərbaycan onlara cavab vermək məcburiyyətində qalacaq: “Çünki Azərbaycan Prezidenti bir daha Cəbrayılın Şəhər Günündə böyük qayıdışın sevincini yaşayan vətəndaşlarımıza evlərinin açarlarını təqdim edərkən Cəbrayıl şəhərinin qalıqlarını göstərərək bir müqayisə apardı. Dedi ki, biz bir daha heç vaxt ermənilərə icazə verməyəcəyik ki, bizim şəhərlərimizi bu şəkildə dağıtsın. Ona görə də mən düşünürəm ki, Azərbaycan tərəfi preventiv addımlar atmaqda haqlıdır. Çünki hər bir ölkə öz milli təhlükəsizliyini qorumaq üçün ümumi təhlükəsizlik tərtib edən mənbənin hansı ərazidə olmasından asılı olmayaraq neytrallaşdırmaq hüququna malikdir və Azərbaycan ordusu buna hazırdır”.

Röya İsrafilova