İctimai Şura sədri: Rəsmi İrəvan ekoloji pozuntular üzrə müraciətlərə cavab vermir, Ermənistanda monitorinqlər aparılmalıdır Siyasət

İctimai Şura sədri: Rəsmi İrəvan ekoloji pozuntular üzrə müraciətlərə cavab vermir, Ermənistanda monitorinqlər aparılmalıdır

"Azərbaycanda ekoloji sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistandakı metallurgiya yataqlarında həm beynəlxalq, həm də Azərbaycandan olan mütəxəssislərin cəlb olunması ilə monitorinqlərin keçirilməsini tələb edir".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bugünkü brifinqdə deyib.

O bildirib ki, Ermənistan tərəfi beynəlxalq aləmdə qəbul olunan ESCO Konvensiyasının tələblərinə uyğun olaraq, ölkə ərazisində mövcud və zərərli fəaliyyətlə məşğul olan zavodların fəaliyyətinə dair hesabatları təqdim etməlidir.

Amin Məmmədov əlavə edib ki, Arazdəyən ərazisində metallurgiya zavodunun tikintisinə dair məlumatlardan sonra Azərbaycanda bu fəaliyyətə etirazlar səsləndi və Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlanıb, lakin rəsmi İrəvan müraciətə reaksiya verməyib:

"Beynəlxalq aləmdə qəbul olunan ESCO Konvensiyasının tələblərinə uyğun olaraq, bu və ya digər ölkə zərərli fəaliyyətlə məşğul olan zavodların fəaliyyətinə dair hesabatları təqdim etməlidir. Lakin Ermənistan buna məhəl qoymur. 2023-cü ilin avqustunda təqdim olunan peyk fotoşəkillərindən görünür ki, Ermənistan Azərbaycanla şərti sərhədə yaxın ərazidə metallurgiya fəaliyyət ilə məşğul olur. O cümlədən "Amulsar" yatağında zərərli emal işlərini həyata keçirir. Ermənistan mədən sənayesi ilə məşğul olduğu ərazilərdə monitorinqin həyata keçirilməsinə şərait yaratmalıdır və bu prosesdə Azərbaycan tərəfi də iştirak etməlidir".

Onun sözlərinə görə, Ermənistan ərazisində həyata keçirilən bu qanunsuz fəaliyyətdə xarici şirkətlər də fəal iştirak edirlər:

“Bütün bu fəaliyyətlər Ermənistanın öz ölkəsinə cəlb etdiyi xarici investorlar tərəfindən həyata keçirilir. Bu fəaliyyətdən sui-istifadə edilərək, Qafqaz regionunun ekologiyasına ciddi zərər vurulur. Burada artıq Qafqazın ətraf mühitinə dəyən zərərdən söhbət gedir. Biz təkcə öz ərazimizi deyil, Qafqazın ekologiyasının qorunması tələbinin yerinə yetirilməsini öhdəliyimizə götürmüşük. Ermənistan burada dağ-mədən fəaliyyəti zamanı ekoloji normaların tələblərini yerinə yetirməzsə, bu amil Qafqazın ekologiyasına da zərər verə bilər. Özünü demokratik ölkə adlandıran Ermənistan bu fəaliyyəti barədə ictimaiyyətə hər hansı məlumat təqdim etmir. Biz Ermənistandakı metallurgiya yataqlarında həm beynəlxalq, həm də Azərbaycandan olan mütəxəssislərin cəlb olunması ilə monitorinqlərin keçirilməsini tələb edirik".