Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib - FOTO Siyasət

Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib - FOTO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

2020-ci il oktyabrın 17-də Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?

Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür.

Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"