“Azərbaycan 33 il ərzində bəzi dövlətlərin bəzən 300 ilə keçə bilmədiyi inkişaf yolunu keçib” Siyasət

“Azərbaycan 33 il ərzində bəzi dövlətlərin bəzən 300 ilə keçə bilmədiyi inkişaf yolunu keçib”

“Müstəqillik bizə nə verdi? və 1920-ci ildə işğal edilməsəydik nə verə bilərdi? Ötən 33 il bunu çox bariz şəkildə göstərir. 71 il Sovetlərin, Rusiyanın, ondan öncə də 1918-ci ilədək 90 il Çar İmperiyasının işğalı altında olduğumuz dönəmin inkişafına, gedişatına baxaq, bu 33 ildə Müstəqilik dövründəki gedişata, inkişaf imkanlarımıza baxaq”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.
A.Həsrət vurğulayıb ki, Azərbaycan Respublikası 33 il ərzində bəzi dövlətlərin bəzən 300 ilə keçə bilmədiyi inkişaf yolunu keçib: “Nəyin hesabına? Əlbəttə, müstəqillik hesabına. Ona görə də düşünürük ki, müstəqilliyin bərpası Azərbaycanın doğrudan da öz gücünə ayaqda dura bilməsi, inkişafı və dünyaya özünü göstərə bilməsi baxımından da çox dəyərlidir”.
Siyasi şərhçi Rusiya olmasaydı biz inkişaf edə bilməzdik deyənlərə də səslənib: “Bəzən bəzi insanlar deyir ki, rus olmasaydı biz inkişaf etməzdik, təhsil almazdıq, irəli getməzdik və s. Mən insanlara deyirəm ki, sovet və müstəqillik dövründəki inkişaf imkanlarımıza baxın. Bu gün Azərbaycan dünyanın ehtiyac duyduğu bir dövlətə çevirilib. Biz yenə də əsarət altında olsaydıq belə hal olardımı? Əlbəttə ki, olmazdı. Müstəqillik, onun bərpası bu baxımdan bizim üçün çox önəmlidir”.