“Müstəqilliyin Bərpası Günü hamımız üçün dəyərdir”-Fazil Mustafa Siyasət

“Müstəqilliyin Bərpası Günü hamımız üçün dəyərdir”-Fazil Mustafa

“Müstəqilliyin Bərpası Günü hamımız üçün bir dəyərdir. Ən çətin vaxtlarda Azərbaycan xalqı öz parlamenti vasitəsi ilə müstəqilliyini elan edib. Bu Bəyannamədən sonra Azərbaycanda referendum keçirildi və nəticə bütün xalq tərəfindən təsdiq olundu”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa söyləyib.
Deputat qeyd edib ki, ona görə də bizim müstəqilliyimizin bərpası məhz bu gündən başlayır: “Bu da bizim üçün şərəfli tarixlərdən biridir. Çünki elə bir tarixi biz yaşadıq ki, müstəqilliyin əldə olunması ilə həm torpaqlarımızın itkisinə müəyyən dərəcədə məruz qaldıq, amma həm də azad olunması dövrünü yaşadıq. Bizim nəsil həqiqətən də xoşbəxt bir nəsildir ki, müstəqilliyin bütün bu keşməkeşli dövrlərindən sonra Qarabağı işğaldan azad olunmuş vəziyyətdə görə bildi, bunu yaşadı, o duyğuları anladı ki, nə baş verdi və nə cür biz uğur qazandıq”.
F.Mustafa əlavə edib ki, bütün bunların hamısının arxasında 18 Oktyabrın nailiyyəti durur, oktyabrın məhz bir hadisə kimi gələcəyimizi müəyyənləşdirməsi durur, ona görə də xalqımız bu tarixi böyük bir şövqlə qeyd edir və hər zaman buna çox böyük önəm verir.

Röya